ABŞ analitiklərinin Ukrayna proqnozuna Bakıdan reaksiya: “Qərb müharibənin uzanmasında maraqlıdır”

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Ukraynadakı müharibə ilə bağlı yeni təhlil dərc edib. Təhlildə bildirilib ki, “Danışıqlar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra bilməz. Ən yaxşı halda fasilə yarana bilər. Rusiya Prezidenti Vladimir Putin bu və ya digər vasitələrlə Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək”.

Maraqlıdır ki, analitiklər buna sübut kimi Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi və 2022-ci ilə – müharibəyə başlayanadək Ukraynanın mövqelərini atəşə tutmasını göstərirlər. Ekspertlər, həmçinin Qərbi Ukraynanı dəstəkləməyə, Putin rejiminə reallıqları başa salmağa çağırıblar.

Maraqlıdır, görəsən həqiqətən də Rusiya-Ukrayna müharibəsi deyildiyi kimi uzanacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Qərb təşkilatıdır və təbii ki, yayılan təhlillərdə Qərbin proseslərə münasibəti öz əksini tapıb:

ABŞ İranı da Ukraynadakı “bataqlığa” çəkib”

“Başqa sözlə desək, analizlərdə manipulyasiya, təbliğat elementləri var. Buna baxmayaraq, sözügedən institut kifayət qədər ciddi təşkilatdır və yazılan təhlillərdə həqiqət payı da az deyil.

Son proseslər, o cümlədən Xersona nəzarətin təmin edilməsi göstərir ki, Ukrayna üstünlüyü ələ alıb. Rusiya rəsmiləri bir neçə dəfə danışıqlara hazır olduqlarını xatırladıblar. Baş verən savaş fonunda Rusiyada sosial gərginlik artır. BMT və Türkiyənin iştirakı ilə Ukrayna və Rusiya arasında “Taxıl sazişi”-nin müddətinin uzadılması ilə “sülh pəncərəsini açıq saxlayır”.

Qərb, o cümlədən ABŞ müharibənin uzanmasında maraqlıdır. Çünki bu yolla Rusiya zəiflədilir və Qərbin Şərqi Avropadakı mövcudluğu güclənir. Qərbin Ukraynaya silah dəstəyinin bəzən artması, bəzən də azalması məhz bununla, savaşın uzanmasındakı maraqlarla bağlıdır. Qərb Rusiyanın irəlilədiyini görəndə Ukraynaya dəstəyi artırır. Beləliklə, döyüş meydanındakı durum dəyişir”.

Ekspertin sözlərinə görə, Qərb hələ Rusiya ilə bağlı məqsədinə çatmayıb:

“Ona görə də savaşın başa çatmasını, sülh müqaviləsinin imzalanmasını istəmir. Dediyim kimi, institutun məlumatında həqiqilik payı da var. Məsələ ondan ibarətdir ki, savaşın üzərindən 8 aya yaxın vaxt keçib. Əgər tərəflər arasında razılıq əldə olunsa, çox güman, Moskva tutduğu ərazilərdə qalacaq. Razılıq müvəqqəti xarakter daşıyacaq və hər iki tərəf üçün güc toplamaqdan ötrü fürsət yaranacaq. Tərəflərdən biri özünü hazır hiss etdikdən sonra mütləq hücuma keçəcək. Bu, bir neçə ay və ya bir neçə il sonra baş verə bilər. Amma mütləq olacaq. Ona görə də bir çox siyasətçi düşünür ki, müharibənin taleyi hərb meydanında həllini tapacaq.

Savaşın yaxın vaxtda başa çatacağı və tərəflər arasında sülh sazişinin imzalanacağı ağlabatan deyil. Doğrudur, son sözü diplomatiya deyəcək. Tərəflər əvvəl-axır danışıqlar masası arxasına oturacaqlar. Lakin ya Ukrayna parçalanacaq, ya Rusiya məhv olacaq. Dünya üçün təhdid yaradan, Şərqi Avropadakı geosiyasi mənzərəni dəyişən müharibə başqa cür nəticələnə bilməz”.

Turan Rzayev

Globalinfo.az