Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib.

Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, iddiaçı Nazim Fərrux oğlu Əmirovdur.

Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, İlqar Nizami oğlu Tağıyevi və Nizami Haqverdi oğlu Tağıyevi də məhkəməyə verib.

İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki hoteli ilə bağlıdır. Bu hotelin tikintisinə 2008-ci ildə icazə verilib.

Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub.

Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir.

Baş verənlərlə bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb.