Abdullahian Haniyəyə Quterreşi təriflədi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, tərəflər Qəzza zolağında baş verən son hadisələri müzakirə edib.

Abdullahian BMT Baş katibi Antonio Quterreşin Qəzza zolağında humanitar atəşkəsə nail olmaq üçün BMT Nizamnaməsinin 99-cu maddəsinə bu yaxınlarda müraciət etməsini alqışlayıb. O, bu addımı dünya səhnəsində sülh və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş nadir və layiqli tədbir adlandırıb.

İranın xarici işlər naziri həmçinin Haniyəni İslam Respublikası və digər müsəlman ölkələrin Fələstin xalqına dəstək, sionist rejimin hərbi cinayətlərinin pislənməsi və fələstinlilərin qətliamına son qoyulması üçün beynəlxalq səviyyədə həyata keçirdiyi son diplomatik manevrlər barədə məlumat verib.