Son günlər Azərbaycanda, xüsusilə Bakıda müşahidə olunan isti hava yay fəslini xatırladır. Payızın ortasında temperaturun yüksəlməsi mövsümi hava şəraiti ilə bağlı suallar yaradır.
Bəs belə istilərin səbəbi nədir? Payızın belə keçməsi qarşıdakı qışın da mülayim olacağına işarədirmi?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, oktyabr ayında belə havanın müşahidə olunması Azərbaycan, xüsusilə də Bakı və Abşeron yarımadası üçün xarakterikdir:
“Çünki bu vaxt cənubdan isti hava kütlələri daxil olur və payız havasına bir qədər istilik, mülayimlik qatır. Ona görə də gündüzlər hava bəzən çox isti olanda insanlar narahat olurlar ki, bu, iyun havasına bənzəyir. Əslində, payızın belə keçməsi çox gözəldir. Ona görə narahat olmağa dəyməz. Axşamlar onsuz da soyuq olur, gecələr hava xeyli sərinləyir. Amma yenə də insanlar havanın isti keçməsindən narahat olmasınlar. Belə hallar təbiidir. Tarixə nəzər salsaq, oktyabr ayı əsasən isti keçir. Bəzən isə hava çox soyuq olur. Oktyabrın sonlarında qar yağdığı dövrlər də məlumdur”.
Ekoloq bildirib ki, 1993-cü ilin oktyabrında dağətəyi rayonlara qar yağıb:
“Şamaxı yolunda, Ağsu aşırımı deyilən yerdə maşının qarın içində hərəkət etdiyini görmüşük. Özüm şəxsən həmin yoldan keçmişəm və bunun şahidi olmuşam. Ona görə də ölkəmizdə, mülayim subtropik qurşaqda belə havaların xarakterik olduğunu qəbul etmək lazımdır. Sadəcə, insanları narahat edən məsələ iqlim dəyişikliklərinin geniş şəkildə təbliğ olunmasıdır. İqlim dəyişiklikləri Yer kürəsi yaranandan bəri baş verir. Ona görə narahat olmağa dəyməz”.
Zaira Akifqızı
Globalinfo.az