Fransada kütləvi etirazların iğtişaşlara çevrilməsindən sonra Parisin bir neçə rayonunda komendant saatı tətbiq olunub. Qayda həm yetkinlik yaşına çatmayanlara, həm də böyüklərə şamil edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.
Məlumata görə, komendant saatı Parisdə Respublika Meydanı ətrafında və “Les Halles” rayonunun bir neçə küçəsində saat 23:00-dan səhər 06:00-dək qüvvədə olacaq.
Nitsa şəhərinin mərkəzində də saat 21:00-dan etibarən komendant saatı tətbiq edilib. Lakin bu məhdudiyyət yalnız yetkinlik yaşına çatmayanlara aiddir.
Fransada kütləvi etirazlar sonradan iğtişaşlara və yanğınlara çevrilib. Hakimiyyət orqanlarının məlumatına görə, hadisələr zamanı təxminən 2 400 nəfər saxlanılıb, yüzlərlə insan xəsarət alıb.
İğtişaşlar zamanı dəbdəbəli mağazaların vitrinləri sındırılıb, restoranlar və nəqliyyat vasitələri yandırılıb. Ölkə üzrə 2 000-dən çox mağazanın talan edildiyi bildirilir. Talan hadisələri Parislə yanaşı, Lill, Marsel, Strasburq, Ruan, Nant, Renn və Tuluza şəhərlərində də qeydə alınıb.
Limoj şəhərində isə etirazçılar tarixi bələdiyyə binasını yandırıblar. XIX əsrə aid binanın zəng qülləsi saat 21:00-da uçub.
Etirazlar tələbələrin müəllim çatışmazlığı, siniflərdə şagird sıxlığı və məktəb binalarının yararsız vəziyyətdə olması ilə bağlı narazılıqları ilə başlayıb. Daha sonra aksiyalara həmkarlar ittifaqlarının və “Sarı jiletlilər” hərəkatının üzvləri də qoşulublar.
Nəticədə etirazçıların tələbləri genişlənərək əməkhaqlarının və pensiyaların artırılmasını, qiymətlərin aşağı salınmasını və ictimai xidmətlərin qorunmasını əhatə edib.
https://t.co/qdwEiJ88oD
— Elvin Ahmad (@ElvinAhmad2) October 19, 2026
Əliyar Xəlil