Dünyaca məşhur “Pringles” çips markası Hellouin bayramı münasibətilə qeyri-adi kampaniyaya başlayıb. Şirkət bir nəfərə markanın məşhur qabının formasında hazırlanmış xüsusi urna və 200 illik çips ehtiyatı təqdim etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin rəsmi məlumatında bildirilib.
“Once You Drop” adlı kampaniya çərçivəsində iştirakçılar rəqəmsal “vəsiyyətnamə” imzalayaraq ölümlərindən sonra kremasiya edilmiş külünün “Pringles” qutusuna bənzər qabda saxlanılmasına dair simvolik öhdəlik götürürlər. Kampaniya qalibi üzərində fərdi yazı həkk olunmuş, qiymətli metaldan hazırlanmış və qapağı çıxarıla bilən xüsusi urna əldə edəcək. Mükafata, həmçinin 200 il ərzində istehlaka hesablanmış çips ehtiyatı daxildir.
Kampaniyanın ideyası “Pringles” qabının dizaynını hazırlayan Fredrik Bauerin hekayəsindən qaynaqlanır. O, 2008-ci ildə vəfat etdikdən sonra külünün bir hissəsi öz istəyinə uyğun olaraq “Pringles” qabında dəfn edilib.
Müsabiqədə yalnız ABŞ-ın 50 ştatında və Kolumbiya dairəsində yaşayan, 18 yaşını tamamlamış şəxslər iştirak edə bilərlər. Şirkətin elanına əsasən, müraciətlərin qəbulu oktyabrın 22-də başa çatır, qalibin isə oktyabrın 31-i ətrafında məlumatlandırılması nəzərdə tutulur.
Safura Bənnayeva
Globalinfo.az