TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi bir sıra aspektdən diqqət çəkir. Bu qərarın səhiyyə xidmətlərinin təşkili, xəstəxanaların idarə olunması, həkimlərin fəaliyyəti və vətəndaşların tibbi xidmətlərə çıxışına necə təsir edəcəyi maraq doğurur.
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, indiyə qədər səhiyyə sistemində strateji siyasətin formalaşdırılması, tibb müəssisələrinin idarə olunması və tibbi xidmətlərin maliyyələşdirilməsi müxtəlif qurumlar arasında bölüşdürülmüşdü:
“Belə bir modelin üstünlükləri olsa da, qurumlararası koordinasiya, səlahiyyət bölgüsü və məsuliyyətin müəyyənləşdirilməsi baxımından müəyyən çətinliklər yaranırdı. Yeni qərar səhiyyə siyasəti ilə onun praktik icrası arasında əlaqəni gücləndirmək, idarəetmədə paralel funksiyaları azaltmaq və qərarların qəbulunu daha koordinasiyalı təşkil etmək üçün imkan yaradır. Lakin səhiyyə iqtisadiyyatı baxımından əsas məsələ mövcud resursların nə dərəcədə səmərəli istifadə olunması və bunun əhalinin sağlamlıq göstəricilərinə necə təsir etməsidir. Məsələn, xəstəxanaların idarə olunmasının vahid strateji çərçivəyə salınması tibbi avadanlıqların bölgüsünün, dərman təminatının, kadr planlaşdırılmasının və xəstəxanalararası koordinasiyanın yaxşılaşdırılmasına kömək edə bilər. Amma bunun üçün yalnız inzibati dəyişiklik kifayət deyil. Xəstəxanaların fəaliyyətinin ölçülə bilən keyfiyyət və səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi də vacibdir”.
Mütəxəssisin fikrincə, həkimlərin fəaliyyəti baxımından isə yeni idarəetmə modeli iş yükünün daha rasional bölüşdürülməsi, davamlı peşəkar inkişaf və nəticəyönümlü əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi üçün imkan yarada bilər:
“Bununla belə, fərmanın özü həkimlərin əməkhaqqısında, əmək müqavilələrində və ya iş şəraitində avtomatik dəyişiklik nəzərdə tutmur. Bu məsələlər sonrakı normativ və idarəetmə qərarlarından asılı olacaq. Vətəndaşları isə aldıqları tibbi xidmətin keyfiyyəti maraqlandırır. Əgər bu islahat nəticəsində gözləmə müddətləri azalacaqsa, regionlarda tibbi xidmətlərə çıxış yaxşılaşacaqsa, xəstəxanaların maddi-texniki təminatı güclənəcəksə və pasiyent məmnuniyyəti yüksələcəksə, o zaman dəyişikliklərin real nəticəsindən danışmaq mümkün olacaq”.
Nərmin Abbaslı
N.Abbaslı bildirib ki, burada diqqət yetirilməli digər mühüm məsələ icbari tibbi sığorta sisteminin gələcək fəaliyyətidir:
“Səhiyyə xidmətlərini maliyyələşdirən qurumla həmin xidmətləri göstərən müəssisələrin funksional ayrılığı, maliyyə şəffaflığı və xidmət keyfiyyətinə nəzarət mexanizmləri qorunmalıdır. Əks halda, idarəetmənin mərkəzləşdirilməsi yeni səmərəsizlik riskləri yarada bilər. Hesab edirəm ki, islahatın uğurunu qiymətləndirmək üçün konkret göstəricilər müəyyən edilməli və nəticələr ictimaiyyətə mütəmadi açıqlanmalıdır. Xüsusilə pasiyentlərin gözləmə müddəti, xəstəxanadaxili infeksiyalar, təkrar hospitalizasiya, dərman təminatı, pasiyentlərin şəxsi vəsaitləri hesabına ödədikləri tibbi xərclər və regionlararası xidmət fərqləri izlənilməlidir. Nəticə etibarilə, səhiyyə sistemində struktur dəyişikliyi özlüyündə keyfiyyət artımı demək deyil. Bu, keyfiyyətin artırılması üçün idarəetmə imkanlarının yenidən təşkilidir. Həmin imkanların nə dərəcədə reallaşacağını isə qarşıdakı dövrdə qəbul ediləcək qərarlar və onların praktik nəticələri göstərəcək. Çünki səhiyyə islahatının əsas uğur meyarı idarəetmə sxeminin dəyişməsi deyil, vətəndaşın daha keyfiyyətli, əlçatan və təhlükəsiz tibbi xidmət alması olmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az