tehran baki ankara 900x553 1

“İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, müxtəlif yanaşmalar var və bu məsələ son günlər müzakirə mövzusuna çevrilib:

“Coğrafi mövqeyimiz və dövlət olaraq seçdiyimiz konstitusion quruluş, yəni cəmiyyətin hansı prinsiplərlə yaşamağı seçməsi qonşularımızda ciddi qıcıq yaradır. Çünki bizim imperiya təfəkkürü ilə uzlaşmayan milli kimliyimiz və dövlət modelimiz var. Bir tərəfdə güclü şiə ideologiyası, digər tərəfdə Osmanlıçılıq və başqa imperial düşüncə formaları dayanır. İmperial yanaşmanın əsas xüsusiyyətlərindən biri də özündən fərqli inkişaf yolu seçən, başqa həyat tərzini nümunəyə çevirən dövlətlərə qarşı müəyyən mərhələdə təzyiq göstərməyə çalışmasıdır”.

Ekspert bildirib ki, İranda Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri dünyəvi dövlət modelimizin olmasıdır:

“Bu model ölkəmizin Konstitusiyasında da təsbit olunub. 1995-ci il Konstitusiyası Azərbaycanın dünyəvi və demokratik dövlət quruculuğu baxımından mühüm sənədlərindən biridir. Həmin dövrdə Azərbaycan ağır vəziyyətdə idi. Ölkə qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi, minlərlə insan evini, doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Bütün bu çətinliklərə baxmayaraq, o zaman ümumilli lider Heydər Əliyev bu insanlarla görüşürdü. Azərbaycan öz dövlətçilik modelini formalaşdırmağa çalışırdı”.

Onun sözlərinə görə, məsələnin başqa tərəfi isə ideologiya ilə bağlıdır:

“Uzun illər İranda şiə ideologiyasının dövlət siyasətinin əsasına çevrilməsi və cəmiyyətin həyat tərzinin bu ideologiya əsasında formalaşdırılması təbliğ olunub. Lakin zaman keçdikcə, sosial şəbəkələr vasitəsilə informasiya sərhədləri zəiflədikcə, İran cəmiyyətində belə bir sual meydana çıxır: şiə əhalisinin yaşadığı, eyni zamanda dünyəvi dövlət modelini seçmiş qonşu Azərbaycan mövcuddursa, cəmiyyəti idarə etmək üçün niyə bu qədər sərt məhdudiyyətlərə və repressiyalara ehtiyac var? Bu müqayisə İran hakimiyyəti üçün ideoloji baxımdan narahatedici ola bilər.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Türkiyədə də müəyyən mənada oxşar proseslər gedir. Ölkənin iqtisadi vəziyyəti, miqrasiya və deportasiya məsələləri, cəmiyyətdəki qarşıdurmalar, seçkiqabağı siyasi gərginlik və sosial problemlər müxtəlif müzakirələrə səbəb olur. Bu fonda Türkiyə cəmiyyəti Azərbaycanla müqayisələr aparır, iki ölkənin dövlət idarəçiliyinə və inkişaf modelinə nəzər salır.

Bütün bunlar onu göstərir ki, həm İranda, həm də Türkiyədə Azərbaycan mövzusundan daxili siyasi məqsədlər üçün istifadə edilməsi halları yarana bilər. Müəyyən dövrlərdə islamçı siyasi düşərgələrin və ideoloji qrupların bu mövzunu öz maraqlarına uyğun şəkildə gündəmə gətirməsi də mümkündür. Təəssüf ki, Azərbaycan ətrafında aparılan müzakirələr bəzən məhz belə manipulyasiyaların alətinə çevrilir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: