Azərbaycanın İraqdan “Aİ-92” markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsasları ilə bağlı suallar yaradır.
Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, əslində, Azərbaycanın “Aİ-92” markalı benzini istehsal etmək imkanı var:
“Məsələ ondadır ki, neft hasil edən ölkə olmaq bütün növ yanacaqları istənilən həcmdə və istənilən vaxt istehsal edə bilmək demək deyil. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycan İraqdan 505,1 ton “Aİ-92” markalı benzin idxal edib. Həmin dövrdə ölkənin ümumi “Aİ-92” benzini idxalı 3 919 ton olub. Bu isə İraqdan alınan benzinin ümumi idxalın təxminən 13 faizini təşkil etdiyini göstərir. Eyni zamanda, Azərbaycan həmin dövrdə xaricə də “Aİ-92″ markalı benzin satıb. İdxal və ixracın eyni vaxtda həyata keçirilməsi müxtəlif kommersiya şərtləri, təchizat ehtiyacları və zaman fərqləri ilə bağlı ola bilər”.
İqtisadçı bildirib ki, burada əsas məqam istehsal etdiyimiz məhsulu xaricdən almağın hansı iqtisadi şərtlər daxilində daha sərfəli olmasıdır:
“Buna dəqiq cavab vermək üçün İraqdan gətirilən benzinin müqavilə qiymətini və idxal qərarının rəsmi əsaslandırılmasını bilmək lazımdır. Məsələnin digər iqtisadi tərəfinə gəldikdə, İraqdan benzin idxalının əsas səbəblərindən biri daxili bazarda yanacaq təminatının davamlılığını qorumaq ola bilər. Yerli istehsalın müəyyən dövrlərdə tələbatı tam ödəməməsi və ya əlavə təchizata ehtiyac yaranması idxalı zəruri edə bilər. Eyni zamanda, yanacağın müxtəlif ölkələrdən alınması təchizat mənbələrinin şaxələndirilməsinə və bir ölkədən asılılığın azaldılmasına kömək edir.
Bu addımın iqtisadi əhəmiyyəti əsasən qiymət və təchizat məsələləri ilə bağlıdır. İraqdan alınan benzinin daşınma və digər xərclər də daxil olmaqla ümumi maya dəyəri alternativ mənbələrlə müqayisədə daha əlverişli olarsa, bu, idxalı iqtisadi cəhətdən əsaslandıra bilər”.
G.Hüseynova qeyd edib ki, digər mühüm məqam idxalın həcmidir:
“Gətirilən yanacağın miqdarı ölkənin ümumi istehlakı ilə müqayisədə azdırsa, bunun daxili bazarda qiymətlərə və ümumi iqtisadi vəziyyətə ciddi təsiri gözlənilmir. Belə tədarük daha çox əlavə təchizat imkanlarının yaradılması və bazarın çevikliyinin artırılması baxımından əhəmiyyət daşıyır.
Ümumilikdə, Azərbaycanın İraqdan “Aİ-92” markalı benzin idxal etməsini enerji təhlükəsizliyinin qorunması və yanacaq bazarında alternativ mənbələrin yaradılması istiqamətində bir addımdır. Uzunmüddətli perspektivdə isə əsas məsələ daxili istehsal imkanlarının artırılması, neft emalı prosesinin təkmilləşdirilməsi və idxal xərclərinin optimallaşdırılmasıdır. Ölkəmizin neft ehtiyatlarına malik olması yanacaq bazarının bütün ehtiyaclarının avtomatik olaraq yerli istehsal hesabına ödənilməsi demək deyil. Buna görə də idxalın iqtisadi səmərəliliyi onun həcmi, maya dəyəri və daxili istehsalla müqayisəsi əsasında qiymətləndirilməlidir”.
Ləman İmran
Globalinfo.az