Kamal Kılıçdaroğlu böyük siyasətçidir. Düşünürəm: deyəsən, ona qarşı haqsızlıq edirlər.
Bədxahları deyir, 13 seçki uduzub. İnsafsızlıq etməyin, bəylər, xanımlar, arkadaşlar! Kamal bəy özü də deyib axı, onlardan ikisi referedum olub – 2010-2019-cu illərdə – hardasa cəmi 10 ildə vur-tut 11 seçii uduzub. Referendumları saymasaq.
Belə baxanda, Türkiyədə o illərdə, əslinə baxsaq, AKP qalib gəlməyib, sadəcə, CHP məğlub olub.
Hörmətli (?!) Kılıçdaroğlunun və başının dəstəsinin yüksək sayəsində.
Son dönəmdə öz keçmiş-keçməmiş partiyadaşları onu “xain”, “satqın”, AKP-yə “satılmış” adlandırır. İndiyədək olan seçkiləri uduzduğuna görə yox, bundan sonrakı seçkidə ölkəsini bəribaşdan uduzdurduğuna görə. Bir də və ən birincisi, Qazi Mustafa Kamal Paşanı AKP-yə “satdığına görə” .
Adam qoc-qoca Cümhuriyyət Xalq Partiyasını – Qazi Mustafa Kamal Atatürkün bir əsrdən çox yaşı olan siyasi təşkilatını darmadağın etdi. İstanbulda, Ankarada, İzmirdə… CHP-nin qazandığı bələdiyyələri “təslim etdiyinə görə”.
Özü uduzmağı bəs deyilmiş kimi, Atatürkün misilsiz irsini – Cümhuriyyətçiliyi uduzdu Kılıçdaroğlu. Uduzdurdu.
Həm də kimə uduzdu-uduzdurdu?!
Nurçuluğun bətnindən qopmuş islamçı hərəkatçılığa – AKP hakimiyyətinə.
Gördüyünüz kimi, AKP iqtidarı Atatürkün adını çox yerdən sildi və sildirdi. Gücü çatan, əli yetən hər yerdən Atatürkün izləri silinir.
Türkiyə zaman-zaman, addım-addım Atatürkün Cümhuriyyət modelindən uzaqlaşıb. “Yeni Türkiyə“, “Türkiyə əsri” kimi psevdodoktrinlərlə, neoOsmanizm şüarları və çağırışları ilə Atatürkün tarixdəki səsini eşidilməz eləmək istəmişlər. Modern Avropa dövləti – Avrasiya incisi olan Türkiyə Respublikası AKP-nin İmperiyaçılıq oyunlarına, hegemonluq ambisiyalarına, necə deyərlər, yenik düşüb.
Ankaradakı Səfirliyimizin qarşısında sifariş edilmiş aksiyada da bir qələmli mollabaşın dili ilə Azərbaycan işğalla hədələndi. Bütün müsəlman ölkələrini Xilafət bayrağı altında birləşdirməkdən danışmışlar.
Türkiyə, təəssüf ki, dünyəvilikdən uzaqlaşdıqca, dünyəviliyini möhkəmləndirən Azərbaycanla tərs düşür. Hərçənd Mərkəzi Asiya bizdən də əvvəl dünyəviliyi daha üst səviyyəyə daşıyıb. AKP-nin gerilikçi təmsilçiləri bu arxaik zehniyyətlə Türk birliyinin gələcəyini də kölgələyirlər. Türk dünyası Türkiyənin üzərində otura biləcəyi tək etibarlı, möhkəm ağacdır -Ankaradakı bəziləri o ağacı baltalamağı düşünürsə, sonrası haqda bəs nə düşünür?! Dünyəvi, demokratik, hüquqi dövləti Yaxın Şərqdəko klerikal krallığa çevirmək istəyir?! Nə istəyir?!
Bunun təqsiri Azərbaycanın öz Konstitusiyasında yazdığı kimi, dünyəviləşməsi deyil, yox. Bu, əksinə Türkiyə dövlət ərkanının getdikcə “mollalaşması”, təhrif olunmuş din kültürünü dövlətçilik fəlsəfəsinin mərkəzinə qoymaq, hətta boynuna oturtmaq kimi yanlış siyasətdən irəli gəlir.
Mehmet Niyazi “Türk dövlət fəlsəfəsi” əsərində türk dövlətçilik tarixində üç tip hakimiyyətdən bəhs etmişdi: ənənəvi hakimiyyət tipi, qanuni hakimiyyət tipi, xarizmatik hakimiyyət tipi. Ancaq bu gün biz Türkiyədə bunun əslində heç birinin izlərini görmürük. Daha doğrusu, burada Atatürklə rəqabət, onun tarixdəki yerini mənimsəmək cəhdi görürük.
Türkiyə tarixi-dini mərkəzlər dövlətçilik simvolları mərtəbəsinə qaldırılır. Dərsliklər yenidən yazılır. Atatürkün qanunla qorunan toxunulmazlığı faktiki aradan götürülür. Hətta AKP tərəfdarları arasından belə fikir də səslənmişdi: “Atatürk böyük bir imperiyanı kiçildib, bir cümhuriyyət hüdudlarına qapatdı, biz isə Türkiyəni böyütdük”.
Bir sözlə, özlərini Qazi Mustafa Kamalın yerində görməyə həvəsləniblər. Onu öz məqamından endirmək üçün uzun zamandır, Atatürklə haqq-hesab çəkirlər. Azərbaycanla tərs düşmək də buradan doğur – biz modern dövlətçilik istiqaməti seçərkən, AKP keçmişlə, xatirələrlə bəslənən bir sistem formalaşdırır. Bu da Türkiyəni arzuolunmaz geosiyasi hesablaşmaların, iqtisadi geriləmənin, sosial böhranın içərisinə çəkir. Daxili siyasi böhran isə göz qabağındadır.