kiraye menzil 131

Azərbaycanda mənzil alıb kirayəyə verməyin nə dərəcədə sərfəli olması müzakirə mövzusuna çevrilib. Bildirilir ki, mənzil qiymətlərinin artması bu yolla qazanc əldə etməyi çətinləşdirib. Məsələn, 220 min manata alınan mənzil ayda 800 manata kirayəyə verilərsə, onun alış qiyməti təxminən 23 ilə geri qayıdır.

Hazırda mənzil alıb kirayəyə vermək sərfəlidirmi? İpoteka ilə mənzil alıb kirayəyə vermək, yoxsa həmin vəsaiti başqa sahəyə yatırmaq daha məqsədəuyğundur?

Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, daşınmaz əmlaka yatırılan investisiyanın orta hesabla 10 il ərzində özünü doğrultması onu əlverişli hesab etmək üçün əsas meyarlardan biridir:

“10-15 il ərzində özünü doğruldan investisiya qismən əlverişli sayılır. 15-20 il ərzində özünü doğruldan investisiya isə bəzi hallarda sərfəli hesab oluna bilər. Məsələn, belə əmlakların sayı azdırsa, tarixi abidədirsə və ya təkrarı olmayan bir investisiyadırsa, bu, özünü doğrulda bilər”.

Ekspert bildirib ki, bu məsələdə digər xüsusiyyətlər, o cümlədən vergi və cari xərclər də nəzərə alınmalıdır:

“Ölkəmizdə, məsələn, vergi dərəcəsi 14 faizdən 10 faizə düşüb. Bundan əlavə, obyektin və ya mənzilin cari xərcləri, eləcə də əsaslı təmir məsələləri var. Bunlara da diqqət yetirmək lazımdır.

Məsələn, kommersiya obyektlərində icarəçilər öz üslublarına uyğun olaraq müəyyən təmir və yaxşılaşdırma işləri aparırlar. Mənzillərin kirayəsində isə bu tendensiya müşahidə olunmur, nadir hallarda baş verir. Ekonom tipli mənzillərdə, ümumiyyətlə, kirayəçilər təmir işləri aparmırlar. Nisbətən bahalı, fərqli və eksklüziv mənzillərdə isə kirayəçi öz zövqünə uyğun yaxşılaşdırmalar edə, əlavə avadanlıqlar quraşdıra və təmir işləri apara bilər.

Amma nəzərə almaq lazımdır ki, mənzillərin kirayəyə verilməsi zamanı aşınma da baş verir. İnvestisiyanın özünü doğrultma müddəti ilə yanaşı, vergi və digər xərclər də hesablanmalıdır”.

Elnur Azadov 900x622 1

Elnur Azadov

E.Azadovun sözlərinə görə, daşınmaz əmlaka investisiya edən hər kəs alacağı əmlakın xüsusiyyətlərini nəzərə alaraq fərdi təhlil aparmalıdır:

“Bu, çox fərdi məsələdir. Daşınmaz əmlaka müxtəlif yanaşma üsulları var, onun həm riskləri, həm də müsbət və mənfi tərəfləri mövcuddur. Son beş-altı ildə daşınmaz əmlakın qiymətinin hər il orta hesabla 10-12 faiz və daha çox artması ipoteka ilə mənzil alanların sayının çoxalmasına səbəb olub. Artıq təkcə mənzilə ehtiyacı olan şəxslər deyil, investisiya məqsədilə ipoteka götürənlər də az deyil. Onlar kirayə mənzillərin qiymətlərinin yüksək olmasını nəzərə alaraq, müxtəlif yollarla belə əmlaklar əldə etməyə çalışırlar.

Əvvəllər bu tendensiya o qədər də geniş yayılmamışdı. Standart ipoteka faizinin 8 faizdən başladığını, böyük şəhərlərdə daşınmaz əmlakın illik bahalaşmasının isə minimum 10 faiz təşkil etdiyini nəzərə alsaq, bu baxımdan investisiya müəyyən qədər sərfəli görünür.

Vətəndaş anlayır ki, mənzili kirayəyə verməklə əlavə gəlir əldə edə bilər. Eyni zamanda, daşınmaz əmlakın qiyməti də hər il ən azı 10-11 faiz artır. Bu baxımdan yanaşma məntiqli görünür, lakin məsələ hər bir halda fərdi qiymətləndirilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: