Almaniya Kansleri Fridrix Merz rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (CDI) partiyası daxilində və ölkə ictimaiyyətində narazılıqların artmasına baxmayaraq, istefa vermək niyyətində olmadığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Merz bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
“Mən istefa verməyəcəyəm. Hazırda vəzifəmdən getməyi ümumiyyətlə nəzərdən keçirmirəm”, – deyən kansler qərarını Almaniyanın sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasının zəruriliyi ilə əsaslandırıb.
Qeyd edək ki, “Ipsos-Politikmonitor”un oktyabrın 7-də keçirdiyi rəy sorğusuna əsasən, Almaniya vətəndaşlarının əksəriyyəti Merzin istefasını dəstəkləyir. Respondentlərin 58 faizi kanslerin həm hökumət başçısı, həm də CDI lideri vəzifələrindən getməli olduğu fikri ilə razılaşıb. Onların 44 faizi bu mövqeyi tam, 14 faizi isə qismən dəstəkləyib.
Reytinqlərinin aşağı olmasına baxmayaraq, Merz əsas məqsədinin ictimaiyyət arasında populyarlıq qazanmaq deyil, çətin və birmənalı qarşılanmayan islahatları həyata keçirmək olduğunu bildirib. O, hazırda bu dəyişikliklərlə bağlı müzakirə və qarşıdurmaların mərkəzində dayandığını vurğulayıb.