Danimarkada müəllimlərin müəyyən hallarda şagirdlərə fiziki müdaxilə etməsinə imkan verən qanun layihəsi parlamentə təqdim olunub. Qanun layihəsinin hazırlanmasına səbəb kimi Danimarka məktəblərində zorakı və aqressiv davranışların artması göstərilir. Məqsəd sinifdə qaydaları qorumaqdır.
Azərbaycanda da belə bir qanuna ehtiyac varmı?
Globalinfo.az-a danışan deputat Fazil Mustafanın fikrincə, məktəbdə proseslərə nəzarət edən pedaqoqlardan ibarət komissiya yaradılmalı, belə hallar baş verdikdə araşdırılmalı və müvafiq qərar verilməlidir:
“Müəllimi nüfuzdan sala, sinifdə onun avtoritetini sarsıda biləcək bütün addımların qarşısını almağa çalışmalıyıq. Müəllim xüsusi dəyərdir və onun nüfuzu olmadan sinifdə qayda-qanun yaratmaq mümkün deyil. Avropada da bu qənaətə gəlinirsə, məsələnin mahiyyətini araşdırmaq lazımdır. Burada söhbət kimisə döyməkdən və ya fiziki cəza verməkdən getmir. Söhbət dərs prosesini pozan, valideyninə arxayın olub tərbiyəsizlik edən şagirdlərin qaydalara əməl etməyə dəvət olunmasından gedir”.
F.Mustafa deyib ki, bir çox hallarda valideynlər bu məsələdə yanlış və zərərli mövqe sərgiləyirlər:
“Valideyn düşünür ki, onun övladı xüsusidir və ona heç kim irad tuta bilməz. Bu yanaşma isə yolverilməzdir. Müəllimin nüfuzunu sinifdə yüksəldə bilməsək, məktəb sistemini dirçəltməyimiz çətin olacaq. Ona görə də müəllimlərə də müvafiq təlimatlar verilməli, hansı addımları ata biləcəkləri izah olunmalıdır ki, bu tədbirlər şagirdə müsbət təsir göstərsin”.
Deputat bildirib ki, şagirdi ayaq üstə saxlamaq onun üçün vaxtilə utancverici hesab olunurdu:
“Şagirdi döymədən, söymədən, lakin sinif yoldaşlarının qarşısında dərs intizamını pozduğuna, təhsilə laqeyd yanaşdığına və tapşırıqları yerinə yetirmədiyinə görə müəyyən mənəvi və psixoloji təsir göstərməyin nəyi zərərlidir? Əksinə, bu, onun davranışına müsbət təsir edə bilər. Ona görə də bu kimi məsələlərə ciddi yanaşmaq lazımdır. Bəzən elə hallar olur ki, yuxarı sinif şagirdi qızların qarşısında utandığı üçün ona tətbiq edilən intizam tədbirindən sonra davranışı barədə düşünməyə başlayır. Eyni zamanda, qızlar da oğlanların qarşısında müəyyən davranışlar sərgiləməkdən çəkinə bilirlər. Bütün bunlara kompleks məsələ kimi yanaşmalı, müəllimin nüfuzunu yüksəldən məqamları müəyyənləşdirməliyik. Əks halda, məktəblərdə hər hansı irəliləyişə nail olmağımız çətin olacaq”.
Zaira Akifqızı
Globalinfo.az