Ankara Baki 1yeni 1

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Globalinfo.az-a verdiyi açıqlamada ilginç bir fikir səsləndirib. O iddia edib ki, rəsmi Bakının Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı mövqeyi, Türkiyənin qeyd-şərtsiz sülh çağırışı ilə qarşı-qarşıya gəlir. O hesab edir ki, son günlər İsrailin təşəbbüsü ilə Azərbaycan–Türkiyə münasibətlərindəki gərginliyin altında yatan digər bir məsələ Türkiyə və Azərbaycanın üçtərəfli sülh məsələsindəki razılaşmazlıqlarından qaynaqlanır.

Globalinfo.az bu iddialarla bağlı türkiyəli ekspertlərin fikrini öyrənib. Saytımıza danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmayıl Cingöz bildirib ki, Ermənistanla sülh məsələsində Türkiyə ilə Azərbaycan arasında heç bir fundamental fikir ayrılığı yoxdur:

“Hər iki ölkə Ermənistanın konstitusiya sənədlərində ərazi iddiaları ilə bağlı ifadələrin aradan qaldırılmasına əhəmiyyət verir. Türkiyə üçün 1915-ci il hadisələri ilə bağlı erməni iddiaları da əhəmiyyətli həssaslıq yaradır. Ankara Ermənistanla normallaşma prosesini Bakı ilə koordinasiyalı şəkildə və Azərbaycan-Ermənistan sülh prosesi ilə əlaqələndirərək həyata keçirir. Buna görə də, Türkiyə ilə Azərbaycan arasında strateji fikir ayrılığının mövcudluğu və İsrailin bundan münasibətlərə təsir göstərmək üçün istifadə etdiyi iddialarını dəstəkləyən konkret dəlil yoxdur. Bundan əlavə, regional aktorlar arasındakı rəqabət iki ölkənin ortaq strateji maraqları ilə qarışdırılmamalıdır”.

ismail cingoz

İsmayıl Cingöz

Ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı isə sülh prosesində Türkiyə ilə Azərbaycanın ziddiyyətli mövqelərə malik olması ilə bağlı fikirlə razı olmadığını bildirib.

Onun sözlərinə görə, Türkiyənin sülhü dəstəkləməsi, qardaş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı haqlı narahatlıqlarını nəzərə almaması anlamına gəlmir:

“Bu məsələ ilə bağlı fikrim yeni deyil. Bunu illər əvvəl də bildirmişdim: Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının əsasını təşkil edən konstitusiya çərçivəsindəki məsələlər həll olunmadan davamlı sülh razılaşması əldə edilə bilməz. Həmçinin açıq şəkildə bildirmişdim ki, konstitusiyanın preambulasında İstiqlal Bəyannaməsinə istinad edən “Böyük Ermənistan” anlayışından imtina edilməli və Türkiyə Cümhuriyyətinin suveren sərhədləri daxilində olan Ağrı dağının təsviri Ermənistanın dövlət gerbindən çıxarılmalıdır. Mən bu gün də bu mövqedəyəm.

Ermənistan həmçinin “soyqırım” iddialarından Türkiyəyə qarşı siyasi təzyiq və düşmənçilik aləti kimi istifadə etməkdən imtina etməlidir. Tarixi məsələlərlə bağlı araşdırmalar arxivlər, sənədlər və elmi tədqiqatlar vasitəsilə aparılmalıdır. Keçmişi daim düşmənçilik yaratmaq üçün bir vasitəyə çevirən düşüncə tərzindən imtina edilməlidir”.

Ekspert bildirib ki, sülh qonşuların sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə tərəddüdsüz hörmət tələb edir:

“Bu iradə konstitusiya tənzimləmələrində, dövlət rəmzlərində və rəsmi müzakirələrdə öz əksini tapmalıdır. Bu gün imzalanan müqavilənin sabah başqa bir administrasiya tərəfindən yenidən müzakirəyə açılmasının qarşısını almaq üçün hüquqi təminatlar yaradılmalıdır.

Paşinyanın parlamentdəki dəstəyi və ölkəsindəki siyasi tarazlıq konstitusiya dəyişikliyinin necə və nə vaxt tətbiq olunacağına təsir göstərə bilər. Lakin daxili siyasi çətinliklər qonşu dövlətlərin haqlı narahatlıqlarını aradan qaldırmır. Sülh üçün tələb olunan addımların atılması məsuliyyəti Ermənistan hökumətinin üzərinə düşür.

cihat yayci

Cihat Yaycı

Hesab edirəm ki, Türkiyə qardaş Azərbaycanın bu fundamental həssaslığını bölüşür. Buna görə də, Türkiyənin sülh çağırışını Bakının konstitusiya dəyişikliyi tələbinə qarşı bir mövqe kimi təqdim etməyi doğru hesab etmirəm. Sülhü dəstəkləmək və davamlı sülhü təmin edəcək zəmanətləri istəmək bir-birini tamamlayır”.

C. Yaycı qeyd edib ki, İsrailin və ya başqa bir aktorun Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaratdığı iddialarını irəli sürərkən konkret dəlillər olmalıdır:

“Eynilə, “3+3” formatı ilə digər diplomatik təşəbbüslər arasındakı fərqlərə əsaslanaraq Ankara ilə Bakı arasında strateji bir fikir ayrılığı olduğu qənaətinə gəlmək olmaz. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı üçüncü ölkələr prizmasından müəyyənləşdirməyin doğru olduğunu düşünmürəm. Biz bir millət, iki dövlətik. Şuşa Bəyannaməsi ilə möhkəmləndirilən ortaq iradəmiz həm də regionda davamlı sülh üçün möhkəm təməldir.

Mənim mövqeyim aydındır: Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının əsasını təşkil edən konstitusiya elementləri aradan qaldırılmalı, bu anlayışı davam etdirən dövlət simvolları dəyişdirilməli və tarixi iddialara əsaslanaraq Türkiyəyə qarşı düşmənçilik yaradan siyasətdən imtina edilməlidir. Davamlı sülh yalnız suverenliyin və mövcud sərhədlərin tərəddüdsüz qarşılıqlı tanınması yolu ilə mümkündür”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: