Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında olub.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan 1 milyon azərbaycanlını Qarabağ və Şərqi Zəngəzurdakı, eləcə də indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib:
“BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, onlar 30 il ərzində kağız üzərində qalıb”.
Prezident qeyd edib ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyəti imitasiya xarakteri daşıyıb.