Estoniya Rusiyanın Kalininqrad vilayətinə qaz nəqli üçün istifadə edəcəyi ehtiyat boru kəmərini istismardan çıxarmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, Estoniyanın Baş naziri Kristen Mixal bu marşrutla qaz tranzitini ya Latviya ilə birgə, ya da birtərəfli qaydada milli sanksiyalar tətbiq etməklə dayandırmaq niyyətindədir.
Sözügedən xətt hər birinin diametri 70 santimetr olan iki borudan ibarətdir və Estoniyanın Elering şirkətinə məxsusdur. Boru kəməri Luhamaa sərhəd-keçid məntəqəsindən təxminən yarım kilometr aralıdan keçir. Bu marşrutla nəql olunan qaz Latviya və Litva ərazisindən keçərək Kalininqrada çatır və bölgədəki qaz elektrik stansiyalarının fəaliyyətində istifadə olunur.
Mövcud razılaşmaya əsasən, Rusiya Litva ərazisindən keçən birbaşa qaz kəmərinin və ya Kalininqraddakı üzən terminalın fəaliyyət göstərmədiyi halda bu ehtiyat marşrutdan istifadə edə bilər.
Nəşrin məlumatına görə, son illərdə Estoniyada energetika sahəsinə məsul olan siyasətçilərdən heç biri bu mexanizmdən xəbərdar olmayıb. Baş nazir Kristen Mixal energetika və ətraf mühit naziri Erki Keldo-ya Latviyada yerləşən bağlayıcı klapanla bağlı razılıq əldə etməyi tapşırıb. Məqsəd qaz tranziti üçün boru kəmərinin yenidən açılmasının qarşısını almaqdır.
Latviya ilə razılıq əldə olunmasa, Estoniya birtərəfli qaydada milli sanksiyalar tətbiq edə bilər. Erki Keldo isə xəbərdarlıq edib ki, Rusiya boru kəmərinin bağlanmasından Baltikyanı ölkələrə qarşı informasiya müharibəsində istifadə edilməsi mümkündür.
2025-ci ildə Rusiya və Litva Kalininqrad vilayətinə qaz tranziti üzrə beşillik müqavilə imzalayıblar. Qazın nəqli xidmətinin 2026-cı il üçün dəyəri 30 milyon avro qiymətləndirilir. Müqaviləyə əsasən, Kalininqrada gündəlik 10,5 milyon kubmetr qaz nəql olunmalıdır.
Bununla yanaşı, Kalininqrad 2019-cu ildən fəaliyyət göstərən və mayeləşdirilmiş təbii qazın qəbulu üçün nəzərdə tutulan dəniz terminalına da malikdir.
Əliyar Xəlil