Musfiq Abbasov

“Mən həm namaz qılıram, həm də oruc tuturam. 18 yaşım tamam olanda hərbi xidmətə getməliyəm. Üzümdə saqqal var. Bəs hərbi xidmətə yollananda saqqalımın taleyi necə olacaq? Təbii ki, hərbi xidmətdə saqqal saxlamağa icazə verilməyəcək. Çünki xidmətin öz qaydaları və əsasnaməsi var. Hərbi qulluqçuların geyim forması və davranış qaydaları həmin sənədlərlə müəyyənləşdirilir”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş müstəntiq Müşfiq Abbasov deyib.

Onun sözlərinə görə, bu konteksdə Nazirlər Kabinetinin məktəblərlə bağlı qəbul etdiyi qərarın Konstitusiyaya zidd olduğunu söyləmək də doğru deyil:

“Konstitusiya təməl prinsipləri müəyyən edir. Orada vicdan və din azadlığı təsbit olunub. Lakin bu, o demək deyil ki, hər kəs istədiyi formada istədiyi yerə daxil olub-çıxa bilər. Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqlar qanunvericiliklə müəyyən çərçivədə tənzimlənir.

Məsələn, Konstitusiyada hər kəsin azadlıq hüququ var. Cinayət törədən şəxs bu hüquqa əsaslanaraq deyə bilərmi ki, mənim azadlıq hüququm var, məni həbs etmək olmaz?

Eyni zamanda, hər kəsin istirahət hüququ var. Ancaq kimsə iş saatlarında işləməkdən imtina edib, istirahət hüququnu əsas gətirə bilərmi? Bu cür məsələlər qanunlarla tənzimlənir. Nazirlər Kabinetinin məktəblərlə bağlı qəbul etdiyi qərar da Konstitusiya ilə ziddiyyət təşkil etmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: