
Ankarada Azərbaycan səfirliyi qarşısında Türkiyənin “Köklü değişim” platformasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.
Globalinfo.az xəbər verir ki, aksiyada Azərbaycanda “hicabın qadağan” olunduğu iddiası ilə təxribatçı şüarlar səsləndirilib.
“Hicab Allahın əmridir, qadağan oluna bilməz”, “Heç bir qadağa Allahın əmrindən üstün deyil”
tipli şüarların səsləndirildiyi aksiyada həmçinin ilahiyyatçı Abdullah İmamoğlu da çıxış edib və bir sıra təxribat xarakterli fikirlər səsləndirib. Böyük hərarətlə etdiyi çıxışı zamanı bu dırnaqarası din xadimi Azərbaycanla İsrail arasındakı sıx münasibətləri din pərdəsi altında tənqid edib. Həmçinin Türkiyə iqtidarını guya Azərbaycanda baş verənlərə qarşı susmaqda ittiham edib. Hər cümləsi ilə çıxışının əsl mahiyyətinin təxribat və radikal dini təbliğat olduğunu göstərən bu şəxs daha sonra təhdid dilinə keçməyə də özündə cürət tapıb. Abdullah İmamoğlu “Rəşidi Xilafət dövləti” qurulduğu zaman hər şeyin hesabının soruşulacağını bildirməklə, məsələnin mahiyyətini hicabla bağlı olmadığını Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı məqsədyönlü şəkildə təxribata əl atdığını ortaya qoyub.
Qeyd edək ki, daha sonra çıxış edən ilahiyyatçı Abdurrahim Şener və aktivist Şükrü Hüseyinoğlu da oxşar məzmunda fikirlər səsləndiriblər.

Əliyar Xəlil