Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin paytaxtı Sənada yerləşən neft obyektlərinin ərazisindən mülki şəxslərin çıxması barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki mülki şəxsləri təhlükəsizliyi naminə Yəmən Neft Şirkətinin obyektlərini, xüsusilə də Sənadakı Əl-Sabaha mərkəzi stansiyasını tərk etməyə çağırıb.
Buna cavab olaraq husilərin hərbi sözçüsü Yəhya Sari bəyan edib ki, Sənaya endiriləcək istənilən zərbəyə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda sərt cavab veriləcək.
Sari həmçinin “Saudi Aramco” dövlət neft şirkətinə məxsus obyektlərin yaxınlığında olan işçiləri və mülki şəxsləri həmin əraziləri dərhal tərk etməyə çağırıb. O, Səudiyyə Ərəbistanının neft infrastrukturunun husilər üçün “legitim hədəf” olduğunu bildirib.
Daha sonra “Əl-Ərəbiyyə” telekanalı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin qərbində yerləşən Əl-Hudeydə əyalətində husilərin mövqelərinə bir sıra hava zərbələri endirdiyini xəbər verib.
Telekanalın yerli mənbələrə istinadən yaydığı məlumata görə, əyalətin şərqindəki Bacil rayonunda husilərin hərbi məqsədlər üçün istifadə etdiyi neft təchizatı anbarları bombalanıb.
Əliyar Xəlil