dtx 11

Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləsmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən və istintaqı Dövlət Təhlükəsizlik Xidmətində (DTX) aparılan Amid Məmmədov, Nurlan Səfərov və Edik İsrafilovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlərdən Amid Məmmədovun 7 il, Nurlan Səfərovun 7 il, Edik İsrafilovun isə 6 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm elan edilərək Amid Məmmədov və Nurlan Səfərovun hər biri ayrı-ayrılıqda 5 il, Edik İsrafilov isə 4 il 6 ay azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, görülmüş müvafiq tədbirlərlə Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilib, özlərini “kriminal aləm”in nümayəndələri hesab edən Azərbaycan vətəndaşları müəyyənləşdirilərək ifşa olunublar.

    Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilib.

    Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

    Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Paylaş: