Donald Tramp administrasiyası ABŞ-dan könüllü şəkildə çıxmağa razılaşan miqrant uşaqlara 3 min dollar təklif etməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, “Bloomberg” bu barədə hüquqşünaslara və insan hüquqları təşkilatlarına istinadən məlumat yayıb.
Onların arasında cəmi 5 yaşı olan uşaqlar da var. Hüquq təşkilatlarının rəhbərlərinin sözlərinə görə, belə təklifləri həm ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) hüquqşünasları, həm də immiqrasiya hakimləri irəli sürür.
Bəzi hallarda uşaqlardan sığınacaq istəmək hüququndan imtina etmək müqabilində dərhal qərar vermələri tələb olunur.
Məlumata görə, son bir ayda ölkənin müxtəlif bölgələrindən azyaşlı uşaqlara belə təkliflərin edilməsi ilə bağlı məlumatlar daxil olub. Bəzi uşaqların yanında hətta hüquqşünas da olmayıb.
Məlumata görə, ötən il ABŞ hakimiyyəti 14 yaşdan yuxarı, müşayiətçisi olmayan yeniyetmələrə könüllü ölkədən çıxmaq üçün 2 500 dollar təklif edirdi. Hazırda isə məbləğ 3 min dollara qaldırılıb və bu praktikanın daha kiçik yaşlı uşaqlara da şamil edildiyi bildirilir.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, iyul ayında immiqrasiya məhkəmələrində müşayiətçisi olmayan uşaqlarla bağlı baxılmamış işlərin sayı 16 500-ü ötüb.
Eyni zamanda, onların vəkil tapmaq və sığınacaq üçün müraciət etmək müddətinin qısaldıldığı qeyd olunur.
Bundan əlavə, Brukinqs İnstitutunun may ayında açıqladığı hesablamaya görə, Tramp administrasiyasının kütləvi deportasiya siyasəti nəticəsində ABŞ vətəndaşı olan təxminən 145 min uşaq valideynlərindən ən azı birindən ayrı düşüb.
Araşdırmaçıların qiymətləndirməsinə əsasən, 2025-ci ilin yanvarından 2026-cı ilin aprelinədək nazirlik təxminən 400 min əcnəbini saxlayıb. Bu prosesdən təsirlənən uşaqların 36 faizinin isə altı yaşdan kiçik olduğu vurğulanır.
Əliyar Xəlil