İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri mayeləşdirilən təbii qaz (LNG) daşıyan “NV Sunshine” tankerinə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın “Teleqram” kanalında məlumat yayılıb.
Yayılan məlumata görə, “Natwealth” şirkətinə məxsus tanker Hörmüz boğazının cənub hissəsində icazəsiz marşrutla hərəkət etməyə cəhd göstərərkən vurulub. Zərbə nəticəsində gəminin hərəkət sistemində və mühərrik bölməsində yanğın baş verib.
SEPAH Hörmüz boğazına Ali Baş Komandanın əmri əsasında nəzarət etdiyini və bölgəyə təcavüzkar dövlətlərin hərbi qüvvələrinin daxil olmasına imkan verməyəcəyini bəyan edib.
İranın “Defa Press” agentliyinin məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri icazəsiz marşrutlarla hərəkət edən gəmiləri təqib edəcəyi barədə xəbərdarlıq yayıb.
Qurumun bəyanatında qeyd olunub ki, bundan sonra qaydaları pozan gəmilərə qarşı tədbirlər yalnız Hörmüz boğazı ilə məhdudlaşmayacaq.
“İcazəsiz hərəkət edən istənilən gəmi bütün bölgə boyunca təqib olunacaq və cəza qaçılmazdır”, – deyə bəyanatda vurğulanıb.
İran hərbçiləri dənizdə baş verən insidentlərə və gəmiçilik sahəsində gərginliyin artmasına görə ABŞ ordusunu ittiham ediblər. Onların iddiasına görə, ABŞ gəmiçilik və sığorta şirkətlərinin qərarlarına müdaxilə edir və onlara böyük məbləğlərdə pul ödəyir.
SEPAH bu iddia edilən təzyiqlərə boyun əyən şirkətləri sanksiyalar tətbiq etməklə və onların bütün donanmalarına qarşı cəza tədbirləri görməklə hədələyib.
Əliyar Xəlil