Müğənni Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasına sağlığında Xalq artisti adının verilməməsindən gileylənib. O bildirib ki, sənətkar uzun illər səhnədə fəaliyyət göstərsə də, layiq olduğu fəxri adla təltif edilməyib.
Sitat: “Atama qarşı haqsızlıq çox oldu. Bunu mən indi də qəbul edə bilmirəm. Atam 1971-ci ildən bəri böyük səhnələrə çıxıb, fəaliyyət göstərib. Bunun müqabilində isə atama layiq olan fəxri adı vermədilər. Onun ən acığına gələn söz “Əməkdar artist” idi. Biz onun məzarı üzərində bu sözü yazmışıq. Lakin düşünürəm ki, imkanı olsaydı, atam o sözü məzardan da götürdərdi. Həmişə deyirdi, “mənim adım Əməkdar artistdən üstündür”. Ona Xalq artisti adı verilməli idi, amma vermədilər. Bu il 75 yaşı tamam olurdu, amma heç bir tədbir keçirilmədi. Sağlığında olduğu kimi, vəfat edəndən sonra da laqeyd yanaşdılar. Toyda atamı təqdim edəndə deyirdi, “məni Əməkdar artist kimi təqdim etməyin”.
Xalq artisti adının verilməsi üçün hansı meyarlar əsas götürülür? Bu adın verilməsində hansısa konkret tələblər varmı?
Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, fəxri adlar Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə əsasən verilir:
“Bu proses 1998-ci il mayın 22-də mərhum Prezident Heydər Əliyevin imzaladığı fərmanla müəyyən edilən qaydalar əsasında həyata keçirilir. Fəxri adların verilməsi müvafiq meyarlar əsasında qiymətləndirilir”.
Ramil Süleymanov
Hüquqşünas bildirib ki, Xalq artisti fəxri adı şəxsin mədəniyyət sahəsindəki xidmətləri, yaradıcılıq fəaliyyəti, sənət nailiyyətləri və mədəniyyətin inkişafına verdiyi töhfələr nəzərə alınmaqla verilir:
“Bu adın alınması üçün yalnız uzun müddət çalışmaq və ya müəyyən sayda əsər yaratmaq kifayət etmir. Hüquqi baxımdan, qanunvericilikdə bununla bağlı hamıya şamil olunan konkret iş stajı, yaş həddi və yaradıcılıq nailiyyətlərinin sayını müəyyən edən vahid tələblər açıq şəkildə göstərilmir”.
Ləman İmran
Globalinfo.az