Türkmənistanın Türkmənbaşı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev də tədbirdə iştirak edib.
MDB bu günə qədər Rusiya orbitində olan və özünü istənilən səviyyədə doğrulda bilməyən bir təşkilat olub. Başqa cür desək, MDB Rusiyanın SSRİ-yə bənzər, lakin daha konfederativ quruluşa malik təşkilatı olub. Lakin üzv ölkələrin müstəqilliklərinə getdikcə daha çox önəm verməsi, ən önəmlisi isə Rusiyanı üstün ölkə deyil, bərabərhüquqlu tərəfdaş kimi görməsi ilə vəziyyət dəyişməyə başlayıb.
Azərbaycan təşkilata üzv olsa da, perspektivləri və imkanların reallığını hər zaman düzgün qiymətləndirib. Yəni Bakı MDB-dən çıxmasa da, təşkilatdakı varlığı əsasən üzvlüklə məhdudlaşıb. Bununla belə, təşkilata üzv ölkələrlə ikitərəfli münasibətləri və digər platformalardakı çoxtərəfli əlaqələri inkişaf etdirməsi Azərbaycanın həmin ölkələrlə münasibətlərində ciddi dividendlər əldə etməsinə gətirib çıxarıb. Məsələn, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları zamanı MDB proseslərdən kənarda qaldı. Şübhəsiz, bu, həm beynəlxalq hüquq çərçivəsində təşkilatın məsələyə müdaxilə imkanlarının zəifliyi, həm də Bakının diplomatik fəallığı ilə bağlı idi.
Lakin hazırda vəziyyət dəyişib. Qeyd etdiyim kimi, Bakının artan nüfuzu, Rusiya ilə münasibətlərdə geri çəkilməz mövqeyi və ən önəmlisi, təşkilata üzv ölkələrlə münasibətləri MDB-yə marağı artırıb. Hətta elə bir mərhələyə gəlib çatmışıq ki, 2028-ci ildə ölkəmiz MDB-yə sədrlik edəcək. Qeyd edim ki, bu, müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanın təşkilata ilk sədrliyi olacaq.
Belə ki, əvvəlki illərdə Ermənistan–Azərbaycan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri, hətta başlıcası idi. Lakin Bakı ilə İrəvan arasındakı münasibətlərdə nəzərəçarpacaq yumşalmanın olması, iqtisadi münasibətlərin ilkin səviyyədə qurulması, liderlərin konstruktiv görüşləri və rəsmilərin davam edən diplomatik təmasları Azərbaycanın sədrliyi qarşısındakı maneələri aradan qaldırır.
Təcrübə göstərir ki, Azərbaycanın sədrlik etdiyi təşkilatlar fəal diplomatik, humanitar və siyasi mövqeyi ilə seçilir. Qoşulmama Hərəkatına sədrlik bunun ən önəmli sübutudur. İstisna deyil ki, MDB-yə sədrlik dövründə də Bakı təşkilatın daha fəal xarici siyasət yürütməsinə və üzv ölkələrin aktivliyinin artırılmasına çalışacaq.
Digər mühüm məqam isə MDB-də “türk triarxiyasının” başlanmasıdır. Belə ki, 2027-ci ildə sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik troykasını formalaşdırır. Üç türk dövlətinin ardıcıl sədrlik müddəti, şübhəsiz, MDB-də müəyyən dəyişikliklərlə yadda qala bilər.
Prezident İlham Əliyev bildirib: “2027-ci ildə Azərbaycanın MDB-də həmsədrliyi barədə qərarın dəstəklənməsinə görə təşəkkürümü bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın sübutu kimi dəyərləndiririk və ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq”.
Göründüyü kimi, Bakının özünün də təşkilatla bağlı xüsusi planları var.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı