Ermənistan parlamentində hökumətin sual-cavab sessiyası zamanı Baş nazir Nikol Paşinyanın jestləri diqqət çəkib. İclasda Paşinyan müxalifət deputatlarının suallarını cavablandırıb. Onun çıxışı zamanı etdiyi bəzi jestlər və hərəkətlər parlamentdə gülüşlə qarşılanıb.
Ümumiyyətlə, son vaxtlar Nikol Paşinyanın hal və hərəkətlərində müəyyən qəribəliklər özünü göstərir.
Bu nədən qaynaqlanmış ola bilər? “Ağır siyasət” baş nazirinin ağlını başından alır?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Paşinyanın davranışları ilə bağlı yayılan məlumatlar yeni deyil:
“Son bir ildə Ermənistan mediasında Paşinyanın qəribə jestləri və davranışları ilə bağlı çoxsaylı məlumatlar dərc olunub. Müxalifət ona sual verəndə qışqırır, gözlərini bərəldir, əllərini yelləyir, qəribə və narahatedici hərəkətlər nümayiş etdirir. Hətta bəzən qeyri-adi şəkildə titrəyir. Erməni dilini bilməsəm də, Azərbaycan dilində “qara qışqırıq” ifadəsi var və o da bu ifadəyə uyğun davranışlar sərgiləyir.
İnsanın bədən dilinə baxaraq onun hansı hissləri keçirdiyini anlamaq mümkündür. Ancaq Paşinyanın bədən dilini müşahidə edərkən nə düşündüyünü müəyyənləşdirmək çətindir. Çünki o, özünü itirir, hərəkətləri nizamsız və qarışıq təsir bağışlayır. Onun qəfil qəzəb partlayışları da olur. Gülüşünün altında belə əsəbilik hiss edilir. Bu yaşda belə çılğın davranışlar nümayiş etdirməsi də diqqət çəkir. Onun hərəkətlərinin arxasında başqa məqamların dayandığını da istisna etmək olmaz.

Əziz Əlibəyli
Nikol Paşinyan həm də məğlub liderdir. Uduzulmuş Qarabağ müharibəsi, 5 mindən artıq insanın itirilməsi və digər amillər onun üzərində ağır yük yaradır. Bütün bunlar ciddi psixoloji gərginliyə səbəb ola bilər. O, “Real Ermənistan” ideyasını irəli sürərək erməni xalqının 100 illik işğalçı ideologiyasına qarşı çıxdı və bununla da böyük problemlərlə üzləşdi.
Onun emosional davranışları jurnalist fəaliyyəti ilə də əlaqəli ola bilər. Məncə, o, şəxsiyyətinin iki fərqli tərəfi arasında ziddiyyət yaşayır. Jurnalist Paşinyanla baş nazir Paşinyan arasında ciddi qarşıdurma var. Eyni zamanda, onun üzərində çoxsaylı siyasi vəzifə və öhdəliklər mövcuddur. Konstitusiyanın dəyişdirilməsi, sülh müqaviləsinin imzalanması, Rusiya ilə münasibətlərin tənzimlənməsi və müxalifətin təzyiqlərinə tab gətirmək bu çətinliklər sırasındadır. Belə bir siyasi və emosional gərginlik isə çarəsizlik hissinin göstəricisi kimi qiymətləndirilə bilər”.
Safura Bənnayeva
Globalinfo.az