Türkiyənin enerji mütəxəssislərindən ibarət nümayəndə heyəti iki gün öncə Ermənistanda səfərdə olub. Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) Baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyəti İrəvanda görüşlər keçirib.
Səfər zamanı Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının iki ölkə arasında nəqliyyat-kommunikasiya, ticarət əlaqələri və digər sahələrə müsbət təsirləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər həm qarşılıqlı münasibətlərin, həm də regional əməkdaşlığın Ermənistan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsi məsələsini önə çıxardığını vurğulayıblar.
Bu, Bakıya ismarışdırmı? Ermənistanla Türkiyənin enerji sistemlərinin birləşdirilməsi nədən xəbər verir?
Globalinfo.az-a danışan iqtisadçı ekspert, deputat Vüqar Bayramov qeyd edib ki, regionda kommunikasiyaların açılması müzakirə edilən məsələlərdəndir:
“Lakin yenə də bu məsələ Türkiyə və Ermənistan münasibətlərinin normallaşması, həmçinin Ermənistan-Azərbaycan sülh sazişindən asılıdır. İki ölkə sülh sazişi imzaladıqdan sonra Türkiyə və Ermənistan arasında münasibətlərin tam normallaşacağını müşahidə edə biləcəyik.
Bundan öncə də Türkiyə və Ermənistan arasında görüşlər keçirilmiş, fərqli sahələrdə müzakirələr aparılmışdı. Azərbaycanın Ermənistan ilə elektrik enerjisinin mübadiləsi ilə bağlı Laçında görüş keçirilmişdi. Ona görə də bir mənalı şəkildə Türkiyə və Ermənistan arasında aparılan danışıqların məzmunu, verilən açıqlamalara rəğmən, proses Ermənistan-Azərbaycan sülh sazişindən asılı olacaq. Zəngəzur və TRİPP layihəsi vasitəsilə Ermənistan özü enerji idxal etmək istəyir. Sözügedən dəhliz vasitəsilə Türkiyə və Azərbaycandan enerji götürülməsi müzakirə olunur. Paralel olaraq Azərbaycan Gürcüstan və Qara dəniz ilə Avropaya yaşıl enerji ötürmək istəyir.
Ermənistan konstitusiyasının dəyişdirilməsi, iki ölkə arasında sülh sazişinin imzalanması bütün hallarda əsas həlledici amil olacaq”.
Ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz isə bildirib ki, Türkiyə nümayəndə heyətinin İrəvana səfərini Bakıya və ya başqa bir ölkəyə ünvanlanmış mesaj kimi təqdim etmək düzgün olmaz:
“Bu təmasları Ermənistan–Türkiyə münasibətlərinin normallaşması, mümkün sülh sazişindən sonra iqtisadi və nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpası çərçivəsində qiymətləndirmək lazımdır. Gümrü–Qars elektrik xəttinin yenidən işə salınması ilə bağlı müzakirələr də bu prosesin texniki və kommersiya istiqamətlərindən biridir.

Yücel Karauz
Elektrik sistemlərinin birləşdirilməsi bir gündə baş verən iş deyil. Bunun üçün texniki uyğunlaşdırma, ötürmə gücünün hesablanması, təhlükəsizlik və tənzimləmə məsələləri, eləcə də investisiya və kommersiya razılaşmaları tələb olunur. Ona görə bu müzakirələrdən dərhal siyasi nəticə çıxarmaqdansa, onları regional əməkdaşlığın mümkün inkişaf mərhələsi kimi görmək daha əsaslıdır.
Türkiyə ilə Azərbaycan arasında da enerji bağlantıları inkişaf edir. Naxçıvan üzərindən elektrik ötürülməsi üçün mövcud infrastrukturun gücləndirilməsi və daha geniş enerji dəhlizləri üzrə işlər gündəmdədir. Bu layihələr Ermənistan–Türkiyə təmasları ilə ziddiyyət təşkil etmir: regionda müxtəlif marşrutların və qarşılıqlı faydalı ticarət əlaqələrinin yaranması enerji təhlükəsizliyini və iqtisadi əməkdaşlığı gücləndirə bilər”.
Erməni siyasi şərhçi Garik Keryan deyib ki, Ermənistanda ictimai rəy, eləcə də siyasi dairələrin əksəriyyəti hazırda qonşu dövlətlər arasında münasibətlərin normallaşması proseslərinə əsasən çox müsbət yanaşır:
“Əlbəttə, istisnalar da var. Türkiyə və Azərbaycanla əməkdaşlıq məsələlərinə ehtiyatla yanaşan siyasi liderlər mövcuddur. Aydındır ki, bu, uzunmüddətli siyasi qarşıdurmanın nəticəsidir və bunun qaçılmaz olduğunu da nəzərə almaq lazımdır.
Enerji əməkdaşlığına və inteqrasiyaya, xüsusilə enerji sistemlərinin birləşdirilməsi məsələsinə gəldikdə isə düşünürəm ki, siyasi məsələlər həll edilmədən bunu həyata keçirmək çox çətin olacaq. Türkiyə ilə diplomatik münasibətlər yoxdur, sərhədlər bağlıdır Qars şəhərinə qədər uzanan dəmir yolu xətti 30 ildən artıqdır ki, istifadəsiz vəziyyətdədir. Azərbaycanla da sülh müqaviləsi imzalanmayıb. Tarixi təcrübə göstərir ki, siyasi maneələr aradan qaldırılmadan iqtisadi və enerji əməkdaşlığına və inteqrasiyaya keçmək mümkün deyil.
Regional səviyyədə xarici amil də çox ciddi təsir göstərir. Xüsusilə hazırda Ermənistanda yeni atom elektrik stansiyasının enerji blokunun tikintisi məsələsi aktualdır. Bu il bu məsələ ilə bağlı İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə danışıqlar aparılıb və müqavilə imzalanıb. Bu yaxınlarda isə Ermənistanın Baş naziri Nikol Paşinyan “Rosatom”un rəhbəri ilə görüşüb.

Garik Keryan
Müasir reallıqlarda enerji yalnız iqtisadiyyat deyil, həm də çox güclü təsir və diktə vasitəsidir. Buna görə də danışıqlar aparmaq, müzakirə etmək, bəyanatlar vermək, münasibətləri kağız üzərində dəstəkləmək mümkündür. Lakin real nəticəyə yalnız dövlətlərarası konsensus olduğu halda nail olmaq mümkündür.
Maliyyə məsələlərini də aydınlaşdırmaq vacibdir. Məsələn, elektrik enerjisinin ötürülməsi xətləri, infrastruktur və digər obyektlər hansı vəsait hesabına bərpa ediləcək və ya yenidən tikiləcək?
Lakin ən əsas məsələ Cənubi Qafqaz dövlətlərinin hansı təsir zonasına daxil olacağıdır. Rusiya və İran müharibədən hansı nəticələrlə çıxacaq? Yeri gəlmişkən, Moskva və Tehranın regionda öz maraqları var və bu maraqların enerji məsələləri ilə də ciddi əlaqəsi mövcuddur”.
Turan Rzayev
Globalinfo.az