Türkiyədə Azərbaycana qarşı son günlər müşahidə olunan kampaniya diqqət çəkir. İki ölkə arasında strateji müttəfiqlik və yaxın münasibətlər fonunda Azərbaycana qarşı sərt ittihamların səsləndirilməsi və aksiyaların keçirilməsi müəyyən suallar yaradır.
Bəs Türkiyədən Azərbaycana qarşı bu ədalətsiz kampaniya niyə dayandırılmır? Bu proses ayrı-ayrı qrupların təşəbbüsüdür, yoxsa arxasında rəsmi Ankaranın siyasi mövqeyi dayanır?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, son dövrlər Türkiyənin sosial şəbəkələri və media orqanlarında ölkəmizə qarşı aparılan haqsız kampaniya təəssüf doğurur:
“Bu kampaniya ürək ağrısı ilə izlənilir. Eyni zamanda, durum həm Azərbaycan, həm də Türkiyə cəmiyyətində etirazlara səbəb olur. Nəzərə alaq ki, bu kimi kampaniyalar əsassız iddialar üzərindən ölkəmizə qarşı keçirilir, vəziyyəti anlamaq çətindir.
Hesab edirəm ki, Türkiyə cəmiyyəti yekcins deyil, ideoloji cəmiyyət olduğundan bu ölkədə fərqli maraq dairələrinin olması, agentura şəbəkələrinin fəaliyyət göstərməsi və bu şəbəkələrdən istifadə edilməsi mümkündür. Yəni belə məsələlər təkcə Türkiyə daxilindən deyil, xarici qüvvələrin təsiri ilə həyata keçirilir.
Son dövrlər bu kampaniya, xüsusilə İstanbulda Azərbaycan konsulluğu qarşısında keçirilən aksiyalar suallar yaradıb. Burada müəyyən iddialar var ki, kampaniyanın arxasında Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlığı ilə seçilən kütlə durur. Bu isə hakim partiyadır.

Oqtay Qasımov
Hesab etmirəm ki, bu şər-böhtan kompaniyası Türkiyənin rəsmi dairələri tərəfindən sanksiyalaşdırılıb. İki ölkənin dostluq, qardaşlıq və müttəfiqliyini anlayan şəxslər var. Hər iki cəmiyyət və rəsmi qurumlar məsələnin əhəmiyyətini dərindən anlayır. İki ölkənin bir-birinə nə qədər lazım olduğunu dərk edirlər.
Bütün bu kampaniyalara baxmayaraq, rəsmi səviyyədə iki ölkə arasında münasibətlər inkişaf edir. Son bir ayı götürdükdə, Türkiynin xarici işlər naziri Hakan Fidanın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü və verdiyi mesajlar, ADEX sərgisində imzalanan 500 milyon dollarlıq anlaşmalar iki ölkə münasibətlərinin ən real vəziyyətidir”.
Turan Rzayev
Globalinfo.az