Argentina xarici investisiyaları cəlb etmək məqsədilə yeni “qızıl pasport” proqramı başladır. Proqram çərçivəsində ən azı 350 min dollar birbaşa ianə edən və ya 800 min dollar dəyərində dövlət istiqrazları alan əcnəbilərə Argentina vətəndaşlığı veriləcək.
Globalinfo.az “Qafqazinfo” xəbər verir ki, qaydalar Argentina İqtisadiyyat Nazirliyi tərəfindən açıqlanıb.
İnvestorlar Milli Xəzinədarlığa geri qaytarılmamaq şərtilə 350 min dollar köçürməklə və ya xüsusi buraxılmış 800 min dollarlıq dövlət istiqrazlarını almaqla vətəndaşlıq üçün müraciət edə biləcəklər.
İnvestorların həyat yoldaşları və 18-25 yaş arasında olan subay, övladı olmayan uşaqları 100 min dollar, 18 yaşdan kiçik uşaqları isə 25 min dollar ödəməklə vətəndaşlıq əldə edə biləcəklər.
İqtisadiyyat Nazirliyi vəsaitin ölkənin maliyyə strukturunun gücləndirilməsinə yönəldiləcəyini bildirib. İnvestisiyalar çirkli pulların yuyulmasının qarşısının alınması və milli təhlükəsizlik məqsədilə ciddi yoxlamadan keçiriləcək.
Müraciətlərin 2026-cı ilin son rübündə başlaması planlaşdırılır.