Bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi və əhalinin sənədləşmə ilə bağlı problemlərinin həlli yenidən gündəmə gəlib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov sənədsiz evlərin qeydiyyata alınmasının bələdiyyələrin gəlirlərinin artırılmasına da imkan verəcəyini bildirib.
Bəs sənədsiz evlərin qeydiyyata alınması bələdiyyələrin maliyyə imkanlarını nə dərəcədə artıra bilər? Bu proses hansı mexanizmlə həyata keçirilməlidir?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, əslində, 2025-ci il yanvarın 1-dən Torpaq Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra bu istiqamətdə bələdiyyələrin fəaliyyətinin qismən aktivləşdiyini söyləmək olar:
“Torpaq Məcəlləsində edilən dəyişikliklərlə bələdiyyələrin bu sahədə fəaliyyət istiqaməti qismən genişləndirildi və Bakı və Abşeron istisna olmaqla, onlara yeni səlahiyyətlər verildi. Torpaq qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra torpaqların müstəqil qiymətləndiricilər cəlb olunmaqla qiymətləndirilməsi və nəticədə vətəndaşların mülkiyyətinə verilməsi məsələsi öz həllini tapdı. Bundan sonra bəzi regionlarda bələdiyyələrin fəaliyyətində müəyyən qədər aktivlik müşahidə olunmağa başladı. Amma təəssüf ki, tam olaraq bu prosesin öz yoluna düşdüyünü və bələdiyyə büdcələrinə əhəmiyyətli dərəcədə təsir etdiyini söyləyə bilmərik. Çünki prosesin əvvəlində əsas nəzarətedici faktor kimi Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə iştirakı ilə yeni elektron sistem yaradıldı”.
R.Osmanlı bildirib ki, bu sistemə uyğun olaraq, Torpaq Məcəlləsinin tələblərinə müvafiq qaydada qiymətləndirilən əmlakların, yəni qiymətləndiricilər tərəfindən təsdiqlənən hesabatlarda əks olunan rəqəmlərin həmin sistemə yerləşdirilməsi və bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən razılıq verildikdən sonra əməliyyatın aparılması nəzərdə tutulur:
“Bu da, hesab edirəm ki, müəyyən bürokratik problemlər yaradır. Qərarların verilməsində müəyyən ləngimələr var. Bir çox hallarda isə biz müvafiq icra hakimiyyəti orqanı – Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bələdiyyələrin və qiymətləndiricilərin müəyyən etdiyi rəqəmlərə müdaxilələrin olduğunu müşahidə edirik. Bu da aparılan əməliyyatların sayına əhəmiyyətli dərəcədə təsir göstərir və onların azalmasına səbəb olur. Düzdür, burada müəyyən hüquqi məsələlər var. Bu məsələdə mənim subyektiv yanaşmam, mövqeyim ondan ibarətdir ki, bələdiyyə torpaqlarına qiymət qoyulması zamanı ərazi üzrə bazar qiymətlərinin əsas götürülməsi tələbi o qədər də doğru deyil. Çünki xüsusi mülkiyyətçinin satdığı qiymət bələdiyyə torpağına eyni formada tətbiq oluna bilməz”.
Ramil Osmanlı qeyd edib ki, ikinci məsələ bəzi regionlarda torpaq sahələrinin qiymətinin elə həddə çatmasıdır ki, yerli vətəndaşların həmin torpaqları almaq imkanı yoxdur:
“Məsələn, Qubanın Xınalıq kəndində bir sot torpağın qiyməti 10-15 min manata çatır. Bu qiymətə həmin torpağı almaq imkanında olan yerli vətəndaş yoxdur. Cənab Prezidentin tapşırıq və tövsiyələri isə ondan ibarətdir ki, məskunlaşma ilə bağlı problemlərin həllində, torpaq ayrılması məsələsində yerli vətəndaşlara daha çox üstünlük verilməlidir. Bu mənada hesab edirəm ki, ya qanunvericiliyin həmin hissəsində müəyyən dəyişikliklər olunmalıdır, ya da bilavasitə bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı Qiymətləndiricilər Palatası ilə birgə Əmlak Məsələləri Dövlət Xidməti, yerli bələdiyyələrin nümayəndələri və Bələdiyyələrlə İş Mərkəzinin iştirakı ilə yeni metodoloji baza yaradılmalıdır.
Bəzi turistik ərazilərdə zəbt olunmuş hissələrin torpaq sahəsinə çevrilməsi zamanı vətəndaşlar müəyyən qədər vəsait sərf edirlər. Həmin vəsait nəzərə alınmadan o torpağın vətəndaşa satılması və yaxud təklif edilməsi də, hesab edirəm ki, doğru yanaşma deyil. Bu mənada, hesab edirəm ki, bu məsələlər istiqamətində ciddi və əhəmiyyətli qərarların qəbuluna ehtiyac var. Yalnız bundan sonra bələdiyyələrin fəaliyyətinin tam olaraq öz axarına düşəcəyini düşünürəm. Əslində, burada qiymətin bilavasitə digər qurumlarla razılaşdırılması məsələsində də hesab edirəm ki, problem bir qədər bundan qaynaqlanır”.
Zaira Akifqızı
Globalinfo.az