siyavus 11111

“Bələdiyyələrin topladığı vergilər və onların maliyyə imkanları ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Bu, eyni zamanda əhalinin problemlərinin həlli baxımından da əhəmiyyətlidir. Qanunsuz tikililərin qeydiyyata alınmaması nəticəsində bələdiyyələr bu gün 300-400 -dən çox evdən vergi ala bilmirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bir sıra digər sahələrdə fiziki şəxslərlə hüquqi şəxslər arasında tarif fərqləri olduğu halda, bələdiyyə vergilərində bu fərq lazımi səviyyədə nəzərə alınmır:

“Bu məsələnin də yenidən nəzərdən keçirilməsi bələdiyyələrin maliyyə imkanlarının artırılmasına xidmət edə bilər. Üçüncü mühüm məsələ bələdiyyələrin xəritələri ilə bağlıdır. Uzun illər keçməsinə baxmayaraq, bəzi ərazilərdə bələdiyyələrin mülkiyyət və ərazi xəritələrinin tam şəkildə təqdim olunması məsələsi hələ də öz həllini gözləyir. Halbuki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə yeni layihələrin həyata keçirilməsi baxımından bu məsələnin həlli vacibdir.

Ən əsası, bələdiyyələrin gələcək inkişafına xidmət edəcək bir sıra məsələlər var. Bu istiqamətdə qanunvericiliklə bağlı ayrı-ayrı komitələrlə birgə müvafiq qərarların qəbul edilməsi həm abadlıq və quruculuq işlərinə, həm də bələdiyyələrin inkişafına yeni imkanlar yarada bilər. Bu addımların atılması qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə və bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə xidmət edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: