polis

“The New York Times” (NYT) qəzetinin “Games” bölməsinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” yerli polisə istinadən məlumat yayıb.

Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərində yerləşən “Dublin Sports Grounds” idman kompleksinin avtomobil dayanacağında baş verib.

Polis 40 yaşlı top-meneceri bir neçə güllə yarası ilə tapıb. Kişi hadisə yerində həyatını itirib. Qətldə şübhəli bilinən şəxslər Makkinseyin həyat yoldaşının valideynləri – 77 yaşlı Şouyun Çjan və Şili Çendir. Onlar saxlanılıb.

“SFGATE” məhkəmə sənədlərinə istinadən yazır ki, Makkinsey və həyat yoldaşı təxminən bir il ərzində bir neçə məhkəmə çəkişməsində iştirak ediblər. Ötən ilin oktyabrında qadın məhkəməyə müraciət edərək Makkinseyə ona yaxınlaşmağı qadağan edən qərar çıxarılmasını tələb edib. Dekabr ayında isə eyni tələblə Makkinsey özü məhkəməyə müraciət edib. Həmin vaxt o, boşanma üçün də ərizə verib. Bundan sonra ər-arvadın ümumi uşaqlarının qəyyumluğu ilə bağlı mübahisəsi davam edib.

2025-ci ilin oktyabrında Makkinseyə uşağa təhlükə yaratmaq və ona xəsarət yetirmə ilə bağlı iki ittiham irəli sürülüb. Kişi özünü təqsirli bilməyib və valideynlər üçün nəzərdə tutulan 12 dərsdə iştirak etmək şərti ilə sərbəst buraxılıb.

Makkinsey 2023-cü ilin yanvarında “The New York Times”da işləməyə başlayıb. İki il sonra isə qəzetin “Games Player Experience” mühəndislik istiqamətinə rəhbərlik edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: