Baş nazir Benyamin Netanyahu HƏMAS-ın hücum hazırlığı barədə Misirin 2023-cü ildə İsrailə xəbərdarlığını təkzib edib.
Globalinfo.az xəbər verir ki, o, bunun müəlliflərinə qarşı böhtan iddiası qaldırılmasını tapşırıb.
Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən Misirin İsraili HƏMAS-ın planlaşdırdığı hücumla bağlı bir neçə dəfə xəbərdar etdiyini yazıb.
Qəzetin məlumatına görə, xəbərdarlıqlardan birini o vaxt Misir kəşfiyyatına rəhbərlik edən Abbas Kamel İsrail tərəfinə çatdırıb.
Netanyahunun rəsmi səhifəsində yayılan açıqlamada bildirilib ki, 7 oktyabrdan əvvəlki aylarda baş nazir Abbas Kamel ilə görüşməyib və danışmayıb. Həmçinin heç bir İsrail xüsusi xidmət orqanı Misirin xəbərdarlığını baş nazirə çatdırmayıb.
Netanyahu daha əvvəl “Haaretz” qəzetinə qarşı da böhtan iddiası qaldırılmasını tapşırmışdı. Qəzet 7 oktyabr hücumundan 10 gün əvvəl BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Netanyahuya zəng edərək HƏMAS lideri Yəhya Sinvarın İsrailə genişmiqyaslı hücum planlaşdırdığı barədə xəbərdarlıq etdiyini yazmışdı.
Netanyahunun sözlərinə görə, baş nazirin ofisi və İsrailin aidiyyəti qurumları həmin günlər üzrə telefon danışıqlarını yoxlayıb və belə zəng barədə məlumat aşkar etməyib.
Əliyar Xəlil