“Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə edilmiş son irəliləyişlər həm bu iki ölkə, həm də bütövlükdə region üçün əhəmiyyətlidir”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT-nin Sülhün Qurulması Komissiyasının nazirlər səviyyəsindəki iclasında çıxışında deyib.
Onun sözlərinə görə, dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya, əməkdaşlıq və əlaqəlilik üçün daha geniş imkanlar yaradacaq.
“Regional sülh Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz regionu daha geniş beynəlxalq bazarlarla birləşdirən infrastruktura və əlaqələrə sərmayə yatırır. Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi bu imkanları artıracaq və bütün bölgənin iqtisadi inkişafına töhfə verəcək”, – XİN başçısı əlavə edib.