Gemini Generated Image vp6oh6vp6oh6vp6o

Azərbaycanda 1994-cü ilin bu günləri ağır, gərgin keçirdi. Sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycan yeni neft strategiyasına qədəm qoydu və Qərblə siyasi- iqtisadi əlaqələrini daha da gücləndirdi.

Lakin dərhal sonra ölkədə ciddi hadisələr baş verdi. Sentyabrın 21-dən 22-nə keçən gecə Rəhim Qazıyev, Baba Nəzərli, Arif Paşayev və Əlikram Hümbətov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçdılar.

Sentyabrın 29-da isə Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov sui-qəsd nəticəsində öldürüldülər.

Hadisələrin ardınca ölkədə siyasi gərginlik daha da artdı. Həmin dövrdə baş verənlər Azərbaycanın seçdiyi siyasi və iqtisadi kursa ciddi təzyiqlərin olduğunu göstərirdi.

Heydər Əliyev isə bütün bu çətinliklərə baxmayaraq, seçdiyi xəttdən geri çəkilmədi. Azərbaycan “Əsrin müqaviləsi” ilə müəyyənləşən yeni neft strategiyasını davam etdirdi.

1994-cü ilin sentyabrı Azərbaycanın müstəqillik tarixinin ən ağır və mürəkkəb dövrlərindən biri kimi yadda qaldı.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, 1994-cü ilin payızı Azərbaycanın ən yeni tarixində ən gərgin dövrlərdən biri kimi yadda qalıb:

“Həmin dövrdə həm Azərbaycanın daxilində sabitliyin əldə olunması üçün fəaliyyətlər davam edirdi, həm də Ermənistanın işğalına qarşı müqavimət göstərilirdi. 1994-cü il mayın 12-də Bişkek protokolu ilə ErmənistanAzərbaycan arasında atəşkəs imzalandıqdan sonra rəsmi Bakı diqqətini xarici siyasətə və neft müqavilələrinin imzalanmasına yönəltdi. O dövrdə dünyanın aparıcı neft şirkətləri ilə danışıqlar aparılırdı və neft müqavilələrinin imzalanması sentyabr ayına müəyyən olunmuşdu.

Məhz o zaman Azərbaycanın Qərb, ABŞ və Böyük Britaniya şirkətləri ilə əməkdaşlığı Rusiya və İranı məmnun etmirdi. Bu ölkələr prosesə mane olmağa çalışırdı. Rusiya bu prosesdə çox aktiv idi. Kreml neft kontraktlarına özünün nəzarət etməsini istəyirdi. Böyük şirkətlərin Azərbaycana gəlişinə mane olmağa çalışırdı. Hətta Rusiya Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişinə də mane olmağa çalışırdı. Azərbaycanın apardığı balans siyasəti, o cümlədən Türkiyə və ABŞ-ın dəstəyi ilə bu layihə gerçəkləşdi.

oqtay qasimov 11
Oqtay Qasımov

1994-cü ilin sentyabrında diqqət çəkən digər məqam həmin dövrdə neft sazişlərinin imzalanmasına nail olunması idi. Rusiyaya bağlı müxalifət və hərbi müxalifət o dövrdə Azərbaycan siyasətinə təsir edən amillərdən biri idi. Həmin müddətdə MTN-də həbsdə saxlanılan bir çox şəxsin – Vahid Mustafayev, Rəhim Qazıyev və digərlərinin – qaçışı təşkil olundu. MTN-in təcridxanasından qaçış fövqəladə hadisə idi. Sonradan məlum oldu ki, bu qaçış MTN-in o zamankı rəhbəri Nəriman İmranovun məlumatı daxilində həyata keçirilib. Bu qaçış ölkədə siyasi vəziyyəti bir az da gərginləşdirdi.

Çox maraqlıdır ki, həmin vaxt baş nazir olan Surət Hüseynov neft sazişlərinin əleyhinə çıxış edir, buna mane olmağa çalışırdı. İstəyinə nail ola bilmədikdə isə Azərbaycanda siyasi cinayətlər törədildi. O dönəmdə Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov öldürüldü. Bu terror aktı Azərbaycanda və regionda böyük rezonans doğurdu.

Daha sonra Gəncədə Surət Hüseynova bağlı qüvvələr yenidən dövlət çevrilişinə cəhd etdilər. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğuna basqın edilməsi və prokurorun girov götürülməsi kimi hadisələri xatırlayırıq.

Bu, Azərbaycan tarixi üçün ağır və həlledici dönəm idi. Azərbaycan bu dövrü uğurla başa vurdu. Həmin müddətdə Prezident Heydər Əliyevin çağırışı ilə əhali qiyama qarşı müqavimətə qalxdı”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: