Rusiyada ayı hücumu iki nəfərin ölümü ilə nəticələnib.
Globalinfo.az xəbər verir ki, hadisə Tomsk vilayətinin Kolpaşevo rayonunda, Sever kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib.
Məlumata görə, sentyabrın 18-də yerli fermada çalışan 44 yaşlı kişi itkin düşən inəyi axtarmaq üçün meşəyə gedib, lakin geri qayıtmayıb.
Ertəsi gün onun 46 yaşlı həmkəndlisi axtarışlara qoşulub.
O da bir müddət sonra itkin düşüb.
Sentyabrın 20-də hər iki şəxsin meyiti meşədə yerli sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinin yaxınlığında aqressiv ayı müəyyən edilərək zərərsizləşdirilib. İstintaqçılar hazırda hadisənin bütün təfərrüatlarını araşdırırlar.
Qeyd edək ki, son dövrlərdə Rusiyanın müxtəlif bölgələrində ayıların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücumları ilə bağlı xəbərlər artıb. Tomsk vilayətində də bu səbəbdən son həftələrdə yırtıcıların sayının tənzimlənməsi ilə bağlı çoxsaylı qərarlar qəbul edilib.
Əliyar Xəlil
Globalinfo.az