gelin bey toy1

Son vaxtlar imam nikahı zamanı qeyri-adi mehr tələbləri sosial şəbəkələrdə tez-tez müzakirə olunur. Bu dəfə Türkiyədə bir gəlin mehr olaraq qırmızı rəngli, 2016-cı ildən köhnə olmayan “Mercedes A180” avtomobili istəyib.

Bu cür tələblərə dini baxımdan hər hansı məhdudiyyəti varmı?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, mehr və yaxud mehr haqqı nikahın şərtlərindən biri sayılır:

“Mehrdə alınıb-satıla biləcək torpaqdan tutmuş, ev, qızıl, gümüş və digər əşyalara qədər hədiyyə verilə bilər. Ümumiyyətlə, halal çərçivədə istənilən şey mehr kimi qəbul edilir. Bu, özəlliklə xanımların xüsusi haqqıdır”.

İlahiyyatçı bildirib ki, işin mənəvi tərəfi də var:

“Əlbəttə ki, xanım könül verdiyi insanın maddi vəziyyətini bilirsə, israfa yol verməməlidir. Qurani-Kərimdə Rəbbimiz israf edənlərin aqibəti ilə bağlı ağır ifadələr işlədir. Yəni mehr istəyən bir xanım da hüquqi cəhətdən haqlı olduğu bir şeyi əxlaqi cəhətdən də doğru dəyərləndirməlidir”.

aga hacibeyli ilahiyyatci 2

Ağa Hacıbəyli

Ağa Hacıbəylinin sözlərinə görə, Məhəmməd Peyğəmbər də hədisində buyurub ki, asanlaşdırın, çətinləşdirməyin:

“Hər kəs öz ayağını yorğanını görə uzatmalı və əxlaqi çərçivələri qorumalıdır. Peyğəmbərimiz əleyhissəlatü vəsəlləmin qızı, anamız Həzrət Fatimə də ailə qurduğu zaman mehr istəmişdi. Düşünürəm ki, bu mehr istəyi əslində ümmətin bütün qızlarına ən gözəl örnək olar. Soruşmuşdu ki: “Ey Fatimə, sən nə mehr istəyirsən?” O da demişdi: “Ya Rəsulallah, məndə dəmi maddiyyat ? Qoy mənim mehrim bu ümmətin mömin insanların günahlarının bağışlanması olsun”. Həzrət Əli belə nikahda mehr verib. Mənəviyyat nə qədər güclüdürsə, əxlaq nə qədər qüvvətlidirsə, o ailə daha da möhkəm olacaq. Əgər ailə maddiyyatın üzərində qurulacaqsa, pulun olmadığı zaman o ailə dağıla bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: