“Ən yaxşı məktəb evə ən yaxın məktəbdir. Biz ən yaxın məktəbi ən yaxşı məktəbə çevirməliyik”.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, valideynlər uşaqlarının tıxaclara görə dərsə gecikməməsi və ya qaib almaması üçün yaxın məktəbi seçməlidir: “Biz həmişə bununla bağlı çağırış edirik. Uşaqlarını evdən aralı məktəblərə aparırlarsa, yaxşı olar ki, ictimai nəqliyyatdan istifadə etsinlər”.
Nazir həmçinin məktəbdə dərs başlama saatlarının dəyişdirilməsi ilə bağlı məsələyə də toxunub: “Məktəbdə dərs saatlarının dəyişdirilməsi çox mürəkkəbdir. Çünki bu, valideynlərlə bağlıdır, valideynlər uşaqlarını məktəbə qoyub işə gedirlər. Amma ali təhsil müəssisələrində bu tətbiq olunur.
Hazırda məktəblərin başlama saatlarının dəyişdirilməsi ilə bağlı əlimizdə belə bir qərar yoxdur ki, bunu elan edək”.