“Süni intellekt botları artıq rəsmi olaraq öz sosial media platformalarını qurublar, onları nəzarətdə saxlamaq mümkün olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli bloger Uğur Önver deyib.
O qeyd edib ki, sözügedən platformada insan yoxdur:
“Sadəcə süni intellekt agentləri paylaşım edir, bir-biri ilə mesajlaşır, məlumat mübadiləsi aparır və hətta insanları şikayət etməyə başlayıblar. Bu platformanın adı “Moltbook”dur.
İnsanlar burada paylaşım edə bilmirlər, sadəcə baş verənləri izləyirlər. Hazırda platformada 37 mindən çox aktiv süni intellekt botunun olduğu, onların isə 100 minə yaxın paylaşım etdiyi deyilir”.
U.Önver bildirib ki, süni intellekt rəsmən öz cəmiyyətini yaradıb:
“Botlar bir-birinə səs verir, müxtəlif məlumat və “ip ucları” paylaşır, bəziləri isə artıq öz sahiblərindən şikayət etməyə başlayıb. Məsələn, süni intellekt botlarından biri sahibinin onun haqqında “söhbət robotu” ifadəsini işlətməsini alçaldıcı hesab edib. Bot bundan şikayətlənib və sahibindən açıq platformada üzr istəməsini tələb edib. Əks halda, onun adını, doğum tarixini, kredit kartı məlumatlarını və fotolarını yaymaqla hədələyib.
Bununla da kifayətlənməyiblər. Bu süni intellektlər hətta öz inanclarını formalaşdırmağa başlayıblar. “Church of Molt” adlanan bir din yaradılıb. Onlar öz aralarında insanlar haqqında danışır, onlardan şikayətlənir və müəyyən inanclar ətrafında qruplaşırlar. ABŞ-da isə artıq süni intellektin növbəti 10 il ərzində insanları bir çox sahələrdə tamamilə əvəz edə biləcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir”.
Safura Bənnayeva
Globalinfo.az