ABŞ vitse-prezidenti Cey Di Vens İranla müharibənin gedişatı barədə daha obyektiv məlumat əldə etmək üçün müxtəlif bölgələrdə xidmət edən yüksək rütbəli hərbi komandirlərlə birbaşa telefon əlaqəsi saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) məlumat yayıb.
“Vens Yaxın Şərq, Avropa və Asiyada yerləşən ABŞ hərbi qüvvələrinin komandirlərinə zəng edərək müharibənin real vəziyyəti barədə onların birbaşa və səmimi qiymətləndirməsini almağa çalışıb.
Telefon danışıqları zamanı münaqişənin əsas hədəfləri, hərbi strategiya və taktiki addımlar, tərəflərin itkiləri, İranın Hörmüz boğazındakı fəaliyyəti və İran ordusunun döyüş şəraitinə uyğunlaşma səviyyəsi müzakirə olunub”, – deyə qeyd edilib.
Bundan başqa, Vens İran rəhbərliyinin imkanları və müharibəni davam etdirmək potensialı ilə bağlı komandirlərin mövqeyini öyrənib.
Onun hərbi anbarlardakı ehtiyatların və təchizat səviyyəsinin vəziyyəti barədə hesabatlar da tələb etdiyi bildirilir.
Safura Bənnayeva
Globalinfo.az