
Xəzər rayonunun Buzovna qəsəbəsində sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Sakinlər bildiriblər ki, küçələrdə çoxsaylı itlərin olması onların, xüsusilə də uşaqların və velosiped sürənlərin təhlükəsizliyi baxımından narahatlıq yaradır.
Globalinfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, dəniz sahilində yerləşən villadan itlər üçün sığınacaq kimi istifadə olunur. Onlar iddia edirlər ki, villanın ətrafında və yaxınlıqdakı küçələrdə müxtəlif cins itlər saxlanılır.
Sakinlərdən biri deyib:
“Son zamanlar bura 30-a yaxın it gətiriblər. Bu itlər ağızlıqsız küçəyə ümumiyyətlə çıxarıla bilməz. Amma onlar heç bir qoruyucu vasitə olmadan küçədə saxlanılır və bu, böyük təhlükədir”.
Sakin bildirib ki, xüsusilə axşam saatlarında problem daha da ciddiləşir:
“Hansı quruma müraciət edirik, heç kim bizə yardım etmir. İtlərlə bağlı məsələlərlə məşğul olan idarələrə zəng edirik. Deyirlər ki, Buzovnaya gələ bilmərik”.
Sığınacağın sahibi kimi təqdim olunan Fərid Mənsurov isə itlərin küçəyə buraxılması ilə bağlı iddiaları qəbul etməyib.
O, Baku TV-yə bildirib ki, həmin itlərin bir hissəsi Buzovnada yaşayan küçə itləridir və onlar qısırlaşdırılır, peyvənd olunur:
“Biz itləri buraxmırıq. Buzovnadakı daşınmaz tikililərdən illər ərzində köçənlər itləri bayıra atırlar. İtlər çoxalır və biz onları qısırlaşdırırıq. Tam təhlükəsiz şəkildə burada gəzirlər”.
F.Mənsurov həmçinin itlər üçün villanın ətrafında sığınacaq yaradılmasını müdafiə edib:
“Kimdən icazə almalıyıq? Qoymuşuq, yaxşı etmişik. Vətəndaş narazıdırsa, gəlib mənim qapımın qarşısına çıxmasın”.