Hava proqnozu tətbiqlərində gələn həftənin ilk üç günü – 7, 8 və 9 sentyabr tarixlərində – Bakı üçün yağışlı hava göstərilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən isə, sentyabrın 5-i dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Yer kürəsinin, xüsusilə insan fəaliyyəti nəticəsində üzləşdiyi ekoloji problemlər və iqlim dəyişiklikləri son dövrlərdə daha qeyri-müəyyən xarakter alıb:
“Buna görə də əvvəlki illərdə olduğu kimi uzunmüddətli və dəqiq proqnozlar vermək, aylıq normalar və orta statistik göstəricilər əsasında hava şəraitini əvvəlcədən müəyyənləşdirmək getdikcə çətinləşir. Son dövrlərdə “El-Nino” hadisəsinin gözləniləndən daha güclü formada müşahidə oluna biləcəyi ilə bağlı müxtəlif beynəlxalq xəbərdarlıqlar səsləndirilir. “El-Nino” əsasən Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunan iqlim hadisəsidir və dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərə bilər. Lakin mövcud müşahidələr göstərir ki, Azərbaycan hələlik ciddi iqlim böhranının ağır fəsadları ilə üzləşən ölkələr sırasında deyil”.

Arzu Mustafayev
Ekoloq bildirib ki, qarşıdakı dövr üçün əsas gözlənti yayın sonuna xas hava şəraitinin davam etməsidir:
“Axşam saatlarında temperaturun 15-25, gündüz saatlarında isə 30-33 dərəcə arasında dəyişəcəyi ehtimal olunur. Bəzi ərazilərdə yağıntıların düşməsi də gözlənilir. Dağətəyi rayonlarda yağıntıların daha intensiv olması mümkündür. Yüksək dağlıq ərazilərdə, xüsusilə Şərqi Qafqaz silsiləsində isə sulu qar və dolu kimi atmosfer hadisələrinin müşahidə olunması istisna edilmir”.
Ləman İmran
Globalinfo.az