“Türkiyədə Ankara Şəhər Prokurorluğu 1994–2017-ci illərdə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri olmuş Melih Gökçek haqqında araşdırma başladıb və o, artıq şübhəli şəxs elan edilib. Gökçek ölkə xaricinə qanunsuz vəsaitlərin köçürülməsində, daşınmaz əmlak qanunsuzluğu və iri ticarət mərkəzləri ilə sövdələşməyə girməkdə, həmçinin bir sıra digər cinayətlərdə ittiham edilir”.
Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq bildirib ki, tanınmış araşdırmaçı-jurnalist Murat Ağırelin ifşa etdiyi sənədlər və səs-küylü yazılar prokurorluğun hərəkətə keçməsində həlledici rol oynayıb:
“Jurnalist şahid qismində prokurorluqda ifadə verərək əlindəki bütün sənədləri təqdim edib və araşdırmanın daha geniş şəbəkəni əhatə edəcəyini bildirib. Əlbəttə, siyasi icazə olmasa, prokurorluğun özbaşına keçmiş meri ittiham etməsi inandırıcı görünmür. Gəl gör ki, bundan əvvəl dəfələrlə Ankara Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbərliyi Melih Gökçek dövrünə aid audit yoxlaması keçirərək xeyli qanunsuzluq aşkar etmiş və bu barədə sənədləri prokurorluğa təqdim etmişdi. Ancaq prokurorluq lazımi sübut olmadığını əsas gətirərək işə xitam vermişdi.
Son dövrlər Türkiyədə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) nəzarətində olan bir çox bələdiyyəyə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilir. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra yaşanan bu hadisələr bir tərəfdən CHP-nin çökdürülməsi, ikinci tərəfdən isə bələdiyyə sisteminin zəiflədilməsinə hesablanmış addım kimi qiymətləndirilir. Nəzərə alaq ki, Türkiyədə bələdiyyə sistemi olduqca güclü mövqeyə malikdir. Bu isə mütləq prezident hakimiyyəti ilə ziddiyyət yaradır. Mərkəzdən idarə edilən valilər bələdiyyə sədrləri qarşısında olduqca zəif mövqeyə düşürlər. Başqa sözlə, Türkiyədə bölgələrdə real güc, əsasən yerli iqtisadiyyata nəzarət hökumətin deyil, bələdiyyələrin əlindədir. 2019-cu il seçkilərindən sonra Ankara və İstanbul kimi şəhərlərin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əlindən çıxması iqtidarı çətin vəziyyətdə qoyub. Çünki ana müxalifətdən olan bələdiyyə sədrləri mərkəzi hökumətin həmin şəhərlərdə həyata keçirmək istədiyi layihələrə ciddi cəhdlə mane olurdular. O baxımdan, bu əməliyyat həm də bələdiyyə sisteminə qarşı addım kimi qiymətləndirilə bilər”.
Politoloq qeyd edib ki, Melih Gökçek isə sıradan bir şəxs deyil:
“Gökçek hələ 1994-cü il bələdiyyə seçkilərində Rəcəb Tayyib Ərdoğanla birlikdə Rifah Partiyasının namizədi kimi seçkilərin qalibi olmuşdu. Ərdoğanın İstanbulda, Gökçekin isə Ankarada seçkinin qalibi olması iki il sonrakı parlament seçkilərində Rifah Partiyasını iqtidara, partiya lideri Nəcməddin Ərbakanı isə hökumət rəhbərliyinə daşıdı. Buna görə də Melih Gökçekin hər zaman AKP içində xüsusi bir çəkisi olub. Təsadüfi deyil ki, ondan sonra oğlu Osman Gökçek AKP-dən deputat seçdirilib. Melih Gökçek özü də əvvəllər dəfələrlə rüşvət qalmaqalı ilə üzləşib. Nəinki müxalifət, hətta iqtidarın özündə də bu cür ittihamlar zaman-zaman səslənib. AKP-nin qurucularından olan parlamentin keçmiş sədri Bülent Arıncın Gökçek haqqında söylədiyi “Ankaranı hissə-hissə satıb” sözləri Türkiyədə uzunmüddətli müzakirəyə səbəb olmuşdu”.
Z.Əmrəliyevin sözlərinə görə, bu əməliyyatın keçirilməsinin əsas səbəbi üç variantda gizlidir:
“Birincisi, bu, hazırkı bələdiyyə sədri Mənsur Yavaşı zərərsizləşdirmək üçün qurulmuş bir ssenaridir. Melih Gökçekin ardınca ondan sonrakı dövr haqqında da araşdırma aparılacaq və Yavaş da istintaqa cəlb ediləcək. Sadəcə bunun siyasi motivli olmadığını göstərmək üçün öncədən əvvəlki dövr də araşdırılır.
İkinci variant bu günə qədər CHP-li bələdiyyələrə qarşı həyata keçirilən əməliyyatların birtərəfli siyasi xarakter daşımadığını ictimaiyyətə nümayiş etdirmək üçündür. Belə olduğu təqdirdə, iqtidarın əlində olan bir çox digər bələdiyyə haqqında da yəqin ki, yaxında araşdırma başladılacaq.
Üçüncü variant isə birbaşa Gökçek ailəsinin özünə yönəlmiş bir hesablaşmadır. Nəzərə alaq ki, Melih Gökçek bələdiyyə sədrliyi dövründə xeyli varidat əldə edib. Hazırda bundan istifadə edərək deputat olan oğluna daha yüksək siyasi karyera qurmaq üçün hərəkətə keçdiyi deyilir. Osman Gökçekin son zamanlar parlamentdə fəallıq etməsinin səbəbi də məhz budur. Görünür ki, bu ailənin yolunu kəsmək istəyən güclü qüvvələr var. İstənilən variantda bu proses həm AKP-ni, həm də CHP-ni, ən əsası isə Türkiyədəki bələdiyyə sistemini dərindən sarsıdacaq”.
Turan Rzayev
Globalifno.az