Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan Müstəqillik Günü münasibətilə 852 məhkumu əfv edib. Bu qərar Azərbaycanda da 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı əfv gözləntisini gündəmə gətirir.
Azərbaycanda da bu əlamətdar tarix münasibətilə əfv sərəncamının imzalanması mümkündürmü?
Globalinfo.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda əfv institutunun kifayət qədər uzunmüddətli və davamlı təcrübəsi formalaşıb:
“Xüsusilə dövlətimiz və xalqımız üçün əlamətdar tarixlər ərəfəsində əfv sərəncamlarının imzalanmasının dəfələrlə şahidi olmuşuq. Ona görə də 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində belə bir humanist addımın atılması mümkün variantlardan biridir. Belə təşəbbüslərlə müxalifət nümayəndələri də tez-tez çıxış edirlər. Onlar müxtəlif bayramlarda və əlamətdar günlər ərəfəsində əfv sərəncamlarının imzalanmasının məqsədəuyğun olduğunu bildirirlər. Şübhəsiz ki, 18 oktyabr dövlətçilik tariximiz baxımından xüsusi məna daşıyır. Çünki məhz 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib”.
Ə Nuriyev vurğulayıb ki, əfv avtomatik olaraq hər hansı bayrama və ya əlamətdar tarixə bağlı proses deyil:
“Bu, dövlət başçısının müstəsna konstitusion səlahiyyətidir. Ona görə də indidən “18 oktyabrda mütləq əfv sərəncamı imzalanacaq” demək düzgün olmaz. Bilirsiniz ki, cənab Prezident tərəfindən mütəmadi olaraq əfv sərəncamları imzalanır.
Əliməmməd Nuriyev
Ümumilikdə, Azərbaycan müstəqillik əldə etdikdən və Konstitusiya qəbul olunduqdan bu günə qədər 71 əfv sərəncamı imzalanıb və bu sərəncamlar 10 mindən artıq məhkumu əhatə edib. Eyni zamanda, digər humanist institut olan amnistiya da mütəmadi olaraq Milli Məclis tərəfindən qəbul edilən aktlarla təsbit olunur. Sonuncu amnistiya aktının icrası da bu ilin aprel ayında başa çatıb və 20 mindən artıq şəxsə şamil edilib. Onların bir qismi cinayət məsuliyyətindən, bir qismi isə cəzadan azad olunub, digərlərinin cəzaları isə yüngülləşdirilib”.
Əliməmməd Nuriyev qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətində dövlətin hüquqi təməllərinin əsas prinsiplərindən biri məhz ədalətlilik, humanizm və mərhəmət prinsipidir:
“Konkret olaraq “18 oktyabrda əfv sərəncamı olacaq” demək yanlış olardı. Çünki söylədiyim kimi, əfv dövlət başçısının konstitusion səlahiyyətidir. Əfv sərəncamının nə zaman imzalanacağını və həmin sərəncama kimlərin daxil ediləcəyini məhz dövlət başçısı müəyyən edir”.
Zaira Akifqızı
Globalinfo.az