“Bloomberg”in məlumatına görə, Ağ Ev rəhbərliyi ABŞ sərhədinə çatmağa çalışan miqrantların qarşısını almaq üçün Meksikaya daha çox tədbir görməsi istiqamətində təzyiq göstərir.
Nəşr yazır ki, ABŞ dövlət katibi Marko Rubio Meksikanın xarici işlər naziri Roberto Velasko ilə keçirdiyi qapalı görüşdə bu məsələni qaldırıb.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, ABŞ Prezidenti Donald Trampın tələbləri bəllidir:
“Tramp həm Meksikadan, həm də digər ölkələrdən ABŞ-a daxil olan miqrantların qarşısını almaq istəyir. Ümumiyyətlə, Meksika ilə ABŞ sərhədində çəkilən divar gözlənilən effekti vermir. Daha doğrusu, ABŞ təkbaşına bu problemin öhdəsindən gələ bilmir. Ona görə də məsuliyyətin bir hissəsinin Meksika hökuməti tərəfindən icra edilməsini istəyir.
ABŞ ümumiyyətlə miqrasiya məsələsinə görə böyük xərc çəkir və bu xərci təkbaşına qarşılamaq istəmir. Digər tərəfdən, sərhəddə miqrantlara qarşı yol verilən kobud rəftar dünya ictimaiyyətində ABŞ-ın reputasiyasına mənfi təsir göstərir.

Turab Rzayev
Trampın son qərarları ilə ABŞ-a bir çox ölkədən miqrant axınının qarşısı alınır. Təkcə ABŞ deyil, bir çox başqa ölkələr də belə tədbirlər görür. Onlar bu ölkələrdən insanların gəlməsini özləri üçün təhdid hesab edirlər.
Əslində, Meksikanın özü də vətəndaşlarının ABŞ-a qanunsuz şəkildə keçməsini istəmir. Bu istiqamətdə müəyyən işlər görülsə də, görünür, bu tədbirlər kifayət etmir. O baxımdan, ABŞ-Meksika gərginliyi hələ davam edəcək. İki ölkə bu məsələni hazırda tam həll edə bilmir”.
Turan Rzayev
Globalinfo.az