un

Buğdanın qiyməti son 3 ilin ən yüksək səviyyəsinə çatıb. “Bloomberg”in məlumatına görə, Çikaqo birjasında buğdanın qiyməti 7,55 dollar/buşelə yüksəlib. Qiymət son bir ayda 18%, iyunun sonundan isə təxminən 30% artıb. Bahalaşmaya Qara dənizdə hücumlar səbəbindən Rusiya və Ukraynadan buğda ixracının çətinləşməsi səbəb olub.

Bunun Azərbaycana da təsiri ola bilərmi? Ümumiyyətlə, ölkəmizdə unun qiymətində dəyişiklik gözlənilir?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu, Azərbaycanda buğdanın və ondan hazırlanan məhsulların, o cümlədən çörəyin qiymətinin yüksəlməsinə səbəb ola bilər:

“Hazırkı qiymət təxminən 2022-ci ildəki qiymətlə eynidir. Həmin dövrdə də qiymətlər kifayət qədər yüksək idi. Sonradan dünya bazarında buğdanın qiyməti müəyyən qədər aşağı düşdü. Lakin Azərbaycanda nədənsə bu azalma qiymətlərə adekvat şəkildə təsir göstərmədi. Hesab edirəm ki, burada obyektiv deyil, subyektiv amillər də rol oynayıb. Çünki obyektiv səbəblər qiymətlərin, xüsusilə də ötən il, aşağı düşməsini diktə edirdi. Buna baxmayaraq, qiymətlərin enməməsi bazarda subyektiv amillərin təsirinin kifayət qədər güclü olduğunu göstərir”.

elcin 1 1
Elçin Rəşidov 

İqtisadçı bildirib ki, indi isə qiymət artımı baş verərsə, bunun Azərbaycanda da özünü göstərməsi ehtimalı yüksəkdir:

“Yəni qiymət aşağı düşəndə adekvat şəkildə enmədi, amma artanda böyük ehtimalla artacaq. Bu da buğdanın və ondan hazırlanan məhsulların qiymətinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan buğdaya olan tələbatının təxminən 60 faizini idxal hesabına qarşılayır. Amma hətta idxaldan asılılıq 5 faiz səviyyəsində olsaydı belə, dünya bazarında buğdanın qiymətinin artması müəyyən dərəcədə daxili bazara da təsir göstərməli idi. Bu, iqtisadi qanunauyğunluqlardan irəli gəlir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: