Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məsləhətçisi olmuş Aram Sərkisyanın Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla bağlı açıqlaması maraq doğurub. O, iddia edib ki, 2001–2007-ci illərdə Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan danışıqlardan sonra Tofiq Zülfüqarovla görüşərək kofe içib. Sərkisyan bildirib ki, həmin görüş zamanı Zülfüqarovdan 1999-cu ildə xarici işlər naziri və prezidentin xarici əlaqələr üzrə müşaviri vəzifələrini tutan Vəfa Quluzadənin də eyni vaxtda istefa verməsinin səbəbini soruşub.
İddiaya görə, Tofiq Zülfüqarov ona deyib ki, əgər onlar istefa verməsəydilər, 1999-cu ildə Ermənistan parlamentində baş verən hadisə Bakıda da təkrarlana bilərdi.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Globalinfo.az-a mövzu ilə bağlı müsahibəsini təqdim edirik:
– Aram Sərkisyanın məlum fikrinə münasibətinizi bilmək istərdik…
– Bu məsələnin üzərindən 20 ildən çox vaxt keçir. Ümumiyyətlə, bu və buna bənzər hadisələrin Azərbaycana qarşı istifadə olunması konflikt menecment siyasətinin bir formasıdır. Bəllidir ki, Azərbaycan–Ermənistan münaqişəsi üçüncü qüvvələrə, hətta Minsk qrupunda toplaşmış qüvvələrə imkan yaradırdı ki, ya Azərbaycana, ya da Ermənistana təzyiq göstərsinlər. Bunu demək üçün, hesab edirəm ki, kifayət qədər misal var. Azərbaycana və Ermənistana qarşı təxribatlar törədilib, ictimai və dövlət xadimlərinə qarşı sui-qəsdlər hazırlanıb, ordumuza, digər qurumlara, qatarlara qarşı təxribatlar olub, terror aktları törədilib və s. Ümumiyyətlə, yenə də deyirəm, bu cür təxribatlar konflikt menecmentinin, yəni konflikt vasitəsilə bölgəni idarə etmək siyasətinin bir formasıdır. Ermənistanda həmin güllələnmə və daha sonra girov götürmə hadisəsi, terror aktı baş vermişdi. Təbii ki, ilk sual ondan ibarətdir ki, bu hadisələr kimin xeyrinə olmuşdu? Amma burada mən Aram Sərkisyanın dediklərinə baxanda belə başa düşdüm ki, o, bunu Rusiyanın deyil, Qərbin etdiyini düşünür. Sanki buna işarə edir.
Aram Sərkisyan
– Xüsusilə sizinlə bağlı dedikləri maraqlıdır.
– Doğrusu, onun mənim haqqımda dediyi fikrin səbəbini başa düşə bilmirəm. Açıqlamanın bu hissəsi sual altında qalır. Ümumiyyətlə, həm Azərbaycanda, həm də Ermənistanda bu hadisələrlə bağlı müxtəlif fərziyyələr və baxışlar var. Mən şəxsən Azərbaycanda baş verən hadisələrin mahiyyətini çox yaxşı bilirəm və bununla əlaqədar fikirlərimi dəfələrlə səsləndirmişəm.
– Bəs həmin dövrkü istefaları nə ilə əsaslandıra bilərik?
– Bizim tariximiz hamar yoldan keçməyib. Bu baxımdan mən həmişə nəticələrə baxılmasına üstünlük vermişəm. Baxın, üç nəfər istefaya gedib. Bilirsiniz ki, Prezident Heydər Əliyev Vəfa müəllimə (Vəfa Quluzadə) deyib ki, “Dincəldin, bəlkə qayıdasan?” Eldar (Namazov) müəllim də istefadan sonra televiziya rəhbəri idi, mən isə səfir olmuşam və sair. Vacib nəticələrdən biri də ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyü prinsipinə əsaslanan mövqeyi ilə bütün dünyaya bunu sübut edib və münaqişənin həllinə nail olub. Belə baxanda, mənim və digərlərinin istefası da Azərbaycanın mövqeyini daha da gücləndirib. Ona görə ki, bu, Azərbaycanın mövqeyinin əsas prinsipi kimi, münaqişənin həllidə əksini tapıb.
Pol Qobl
– Mövzu ərazi bütövlüyündən düşmüşkən, həmin dövrdə “ərazi mübadiləsi” məsələsi də var idi.
– Bəli, “ərazi mübadiləsi”, Qobl planı və s. barədə siz də eşitmisiniz. Amma bu hadisələr mənim dövrümdə yox, məndən sonra olan siyasətçilərin və hətta məndən sonra nazir işləyən Vilayət Quliyevin dövründə baş vermişdi. Pol Qobl planına aid müxtəlif fikirlər səsləndirilir. Bildiyimiz kimi, həmin dövrdə, yəni mənim istefamdan sonra parlamentdə geniş və ictimaiyyətə açıq şəkildə dinləmələr keçirilmişdi. Ondan sonra mətbuatda da hesabatı dərc olunmuşdu. Hər halda, mən orada iştirak etməmişəm. Amma hesabatları, stenoqramları gördüm və orada bu mövzu geniş şəkildə müzakirə olunub. Kim istəyirsə, həmin materiallara müraciət edə bilər. Yenə də deyirəm, mənim istefamdan sonra baş verən hadisələrə münasibətim o qədər də vacib deyil.
Zaira Akifqızı
Globalinfo.az