irevan baki ankara scaled 1

Ermənistan parlamentinin müxalif deputatı İşxan Saqatelyan deyib ki, hazırda Ermənistanda “dördüncü respublika” qurulur. Onun sözlərinə görə, bu respublika Türkiyə və Azərbaycanın iradəsi ilə formalaşdırılır.

Saqatelyan bildirib ki, dördüncü Ermənistan Respublikası”nın formalaşdırılmasında Türkiyə “memar”, Azərbaycan isə “konstruktor” rolundadır. Avropa ölkələri də bu layihənin “dizaynı” ilə məşğuldur”.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Ermənistanın siyasi gündəmində son dövrlər aktuallaşan “dördüncü respublika” anlayışı ölkə daxilindəki siyasi mübarizənin və Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların fərqli təzahürlərini özündə ehtiva edir:

“Müxalif deputat İşxan Saqatelyanın Türkiyəni “memar”, Azərbaycanı “konstruktor”, Avropa ölkələrini isə “dizayner” kimi təqdim etməsi ilk növbədə Ermənistanın xarici və təhlükəsizlik siyasətində baş verən dəyişikliklərə siyasi etiraz kimi qiymətləndirilə bilər. Hüquqi nöqteyi-nəzərdən isə burada yeni respublikanın yaradılmasından deyil, Ermənistanın dövlətçilik və xarici siyasət modelinin transformasiyasından söhbət gedir. Bu transformasiyanın əsasında regionda əvvəlki status-kvonun dəyişməsi dayanır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hərbi-siyasi, iqtisadi və nəqliyyat imkanlarının əhəmiyyətli dərəcədə güclənməsi Ermənistanın uzun illər əsaslandığı təhlükəsizlik modelini faktiki olaraq dəyişib. İrəvanın Rusiya ilə münasibətlərində yaranan problemlər fonunda Qərblə əlaqələri genişləndirməsi, Türkiyə ilə normallaşma prosesini davam etdirməsi və Azərbaycanla sülh gündəliyini önə çıxarması isə Ermənistanı yeni regional reallıqlara uyğunlaşmağa vadar edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Türkiyənin rolu xüsusilə əhəmiyyətlidir. Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması, sərhədlərin açılması və regional iqtisadi-kommunikasiya əlaqələrinin genişləndirilməsi perspektivi Ermənistanın uzunmüddətli təcrid modelindən çıxması üçün yeni imkanlar yaradır”.

Ayten Qurbanova 1532 900x614 1
Aytən Qurbanova

Politoloq bildirib ki, Azərbaycanın “konstruktor” kimi təqdim edilməsi daha çox regionda formalaşmış yeni güc balansının etirafı kimi görünür:

Azərbaycan artıq yalnız Ermənistan-Azərbaycan münasibətlərinin tərəfi deyil, regionun enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasının əsas aktorlarından biridir. Azərbaycan üçün əsas məsələ isə Ermənistanın hansı siyasi modelə keçməsi deyil, onun hansı dövlət və xarici siyasət kursunu seçməsidir. Azərbaycanın prioriteti Ermənistanın qonşularına qarşı ərazi iddialarından imtina etməsi, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasını hüquqi baxımdan möhkəmləndirməsi və regionda sülhə real töhfə verən siyasət yürütməsidir. Davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, hüquqi öhdəliklər və qarşılıqlı etimadı təmin edən mexanizmlərlə mümkündür.

Avropanın Ermənistanla münasibətlərinin genişlənməsi də regional prosesin mühüm elementidir. Lakin bunu Ermənistanın xarici qüvvələr tərəfindən “idarə olunması” kimi təqdim etmək siyasi reallığı sadələşdirir. Belə ki, Ermənistan müxtəlif güc mərkəzləri arasında manevr etməklə öz təhlükəsizlik və iqtisadi maraqlarını qorumağa çalışır. Ermənistanın əsas problemi də məhz xarici aktorlardan birini seçmək deyil, dəyişən regional sistemdə öz milli maraqlarına uyğun dayanıqlı mövqe formalaşdırmaqdır. Beləliklə, “dördüncü respublika” ifadəsi daha çox Ermənistanın köhnə geosiyasi modeldən uzaqlaşaraq yeni mərhələyə keçidini xarakterizə edən siyasi bənzətmədir. Bu proses nə Türkiyə və Azərbaycanın Ermənistanı “yenidən qurması”, nə də Avropanın İrəvana tam nəzarəti deməkdir. Əsas reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda əvvəlki status-kvonun bərpası mümkün deyil. Yeni mərhələnin əsas şərti isə Ermənistanın reallıqları qəbul etməsi, Azərbaycanla sülhün hüquqi əsaslarını möhkəmləndirməsi və regional əməkdaşlığın qarşılıqlı maraqlar üzərində qurulmasıdır. Azərbaycan üçün də strateji məqsəd məhz bu yeni regional nizamın təhlükəsizlik, suverenlik və davamlı sülh prinsipləri əsasında möhkəmlənməsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: