Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya yeni genişmiqyaslı hücuma qərar verəcəyi haqda məlumatlar yayılır. Bildirilir ki, bu əməliyyat Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və mülki infrastruktura zərbələr endirməyi, müharibəni daha da dağıdıcı vəziyyətə gətirməyi nəzərdə tutur.
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Rusiya artıq 4 ildən çoxdur Ukrayna ilə müharibə aparır:
“Bu müddət ərzində Ukraynada böyük dağıntılar olub, bir sıra ərazilər yerlə-yeksan edilib, günahsız insanlar öldürülüb. Bütün bunlar Putinin siyasətinin nəticəsidir. Son illər müharibə həm də Rusiya ərazisinə keçib. Ukrayna ordusu Rusiyanın dərinliklərində yerləşən neftayırma zavodlarını, hərbi obyektləri dəqiqliklə vurur. Bir çox sənaye obyektləri, Rusiyanın neftayırma zavodlarının üçdəikisi sıradan çıxarılıb, ölkədə yanacaq böhranı yaranıb.
Bütün bunların qarşılığında Rusiya raketlər və reaktiv dronlarla Ukraynanın sənaye obyektlərinə intensiv zərbələr endirir. Rusiya yenidən daha güclü hücumlar edərək əsas sənaye və hərbi obyektləri zərbələrlə zəiflətmək istəyir, lakin Ukrayna şücaətlə döyüşür”.
Politoloqun sözlərinə görə, dünyanın bir çox ölkəsi Ukraynanın Rusiya təcavüzünə qarşı atdığı addımları dəstəkləyir:
“NATO ölkələri rəsmi Kiyevə silah-sursatla yardım edirlər. Ukrayna Prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatışmaması Ukraynanın müdafiəsində müəyyən problemlərə səbəb olur. Bu çətinliklər barədə Zelenski açıq şəkildə danışır və silahların tədarükünü tələb edir. Ukraynanın özünün istehsal etdiyi “Flamingo” raketləri Rusiyanın dərinliklərinə dağıdıcı zərbələr endirir. Bu da cəbhədə müəyyən dönüşlər yaradır. Putin Ukraynanı tam məğlub etməklə bu ölkədə hakimiyyət dəyişikliyinə çalışır”.
Elşad Həsənov
Elşad Həsənov qeyd edib ki, Ukrayna məsələsi həll olunandan sonra Rusiya digər postsovet ölkələrinə, Baltikyanı dövlətlərə və başqa ərazilərə hücum edərək onları öz ərazisinə birləşdirmək istəyir:
“Lakin bunlar real görünmür. Rusiya müharibədə çox zəifləyib, ona qarşı tətbiq olunan sanksiyalar da öz təsirini göstərir. Rusiyanın Ukraynanı tam məğlub etməsi real deyil. Putin 4 ildən çoxdur öz niyyətinə çatmayıb, hətta Donbass ərazisini də tam işğal edə bilməyib. Bundan sonra uğur qazanacağını gözləmək olmaz”.
Safura Bənnayeva
Globalinfo.az