ChatGPT Image Aug 17 2026 02 20 25 PM

İran parlamenti İslam Respublikasına qarşı “düşmən” hesab edilən media qurumları ilə əməkdaşlıq və əlaqələri məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. Yeni layihəyə əsasən, həmin media qurumlarına müsahibə vermək və onlarla müxtəlif formada əlaqə saxlamaq cinayət əməli kimi qiymətləndirilə bilər.

İran daha əvvəl Azərbycan Dövlət Televiziyasını (AzTV) da “düşmən media qurumları” siyahısına daxil edib.

Bakının buna cavabı nə olacaq?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, bu, əhəmiyyətsiz və ikrah doğan bir “qanun” layihəsidir, sağlam məntiqlə münasibət bildirmək belə mümkün deyil:

“İranın daxili siyasətindəki reallıqlar hər kəsə bəllidir. Hətta bu “qanun” qəbul edilməsəydi də, nəinki İran rəsmiləri, bu ölkənin siyasətlə əlaqəsi olmayan vətəndaşları belə “düşmən” hesab edilən və ya edilməyən media resurslarına müsahibə, açıqlama verə bilməzdilər. Bunun üçün mütləq icazə almalıydılar. Digər tərəfdən, düşünmürəm ki, Azərbaycanın rəsmi dövlət televiziyasının adının da yer aldığı “düşmən” siyahısındakı media resursları üçün İran siyasətçiləri vazgeçilməz şəxslərdir. Onsuz da motivindən asılı olmayaraq, bütün suallara verəcəkləri cavablar öncədən bəllidir. İnformasiya müstəvisində dünyadan təcrid olunmuş bir ölkənin hətta ona münasibətdə obyektiv yanaşma sərgiləyən ölkələrin media resurslarını “düşmən” elan etməsi və bununla bağlı cinayət təqibinin tətbiqi istiqamətində addımlar atması, ilk növbədə Tehranın öz maraqlarına ziddir və belə addımlar, İrandakı siyasi böhranın elementi kimi də dəyərləndirilə bilər.

elcin mirzebeyli 900x890 1
Elçin Mirzəbəyli

Azərbaycanın buna münasibətdə hansısa cavab tədbiri həyata keçirəcəyinə gəldikdə isə, bizim informasiya təhlükəsizliyimizi təmin edən, həmçinin söz və media azadlığını qoruyan kifayət qədər mükəmməl qanunlarımız var. Hansısa ölkələrin media qurumları ilə bağlı ayrıca qanunun qəbul edilməsi kimi hüquqi məntiqə zidd, əhəmiyyətsiz işlərlə məşğul olmağa isə nə vaxtımız var, nə də istəyimiz. Bütövlükdə, bu qəbildən olan yanaşmalar hüquqi dövlət anlayışının bütün prinsipləri ilə daban-dabana ziddir.

Azərbaycanda konkret situasiyadan irəli gələn müəyyən istisnalar olmaqla İranın media resurslarına kimlərinsə müsahibə və ya açıqlama vermək həvəsində olduğunu düşünmürəm. Həmçinin hesab edirəm ki, bu absurd “qanun” əslində İran daxilindəki siyasi qarşıdurmanın və bunun parlament müstəvisində də davam etməsinin göstəricisidir. İslam İnqilabı Keşiçiləri Korpusu (SEPAH) və digər sərt xətt tərəfdarları, bu qəbildən olan qərarlarla İranın legitim hakimiyyət orqanları təmsilçiləri ətrafında informasiya blokadasını daha da möhkəmləndirməyə çalışırlar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: