WhatsApp Image 2026 08 17 at 10.57.50

“İranşəhri” adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini qaldırıb. Belə ki, millətçi qruplaşma “Xəzərin tarixi adının bərpası tələbi” adlı kampaniyaya başlayıb.

Aydın məsələdir ki, bu cəhd türk tarixini əks etdirən izlərin silinməsi və ya zəiflədilməsi meyli ilə bağlıdır. Ümumiyyətlə, İranda ilk dəfə deyil ki, Xəzər dənizinin adının dəyişdirilməsi mövzusu müzakirə edilir. Əvvəllər bəzi fars millətçi cərəyanları “Xəzər” adını “Kaspi” və ya “Mazandaran” adları ilə əvəz etməyə cəhd göstərib. Hətta iş elə bir həddə gəlmişdi ki, 2002-ci il mayın 20-də Ulu Öndər Heydər Əliyevin Tehrana səfəri zamanı keçirilən mətbuat konfransında iranlı jurnalist ona ünvanladığı sualda Xəzər dənizini “Mazandaran gölü” adlandırmağa çalışmışdı.

Ulu Öndər isə suala cavab vermək yerinə jurnalistə sözün əsl mənasında dərs keçmişdi:

Sitat:

“Siz, hörmətli jurnalist, sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə səhvlər buraxmayasınız. Dünya xəritəsində “Mazandaran” adlı göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram, xahiş edirəm, mənə tanıdasınız”.

Dövrün İran Prezidenti Məhəmməd Xatəmi bu yerdə sözə girərək jurnalistin səhvini düzəltmək, daha doğrusu, atmosferi yumşaltmaq üçün, “Cənab müxbir bundan sonra “Caspian Sea” deyəcək” – fikrini bildirir.

Lakin Heydər Əliyev bu cavabla kifayətlənmir və davam edərək deyir:

Elə “Caspian Sea”dır da, necə yəni bundan sonra? Xəzər dənizi kürrəyi-yer yaranandan dünyanın ən mühüm dənizlərindən biridir, onun adı da Xəzərdir. 300-400 il bundan öncəki xəritələri götürsəniz, orada Xəzər dənizi – ağaye Xatəmi bunu ingiliscə deyir – “Caspian Sea” yazılıbdır. Siz İranda bəzi adamlar belə yeni adlar icad etməklə bizim bu Xəzər ətrafında danışıqlaırmıza mane olursunuz. Xahiş edirəm, bunu nəzərə alasınız”.

Bu çıxışdan nə az, nə çox, düz 24 il keçib. Lakin görünür, İrandakı bəzi qüvvələr hələ də bu cavabdan bir dərs çıxarmayıb.

Dərsin özü isə çox sadədir:

Tarixi adları siyasi sifarişlə dəyişmək olmur!

Xəzəri “Mazandaran” adlandırmaqla onun tarixini dəyişmək mümkün deyil!

Xəzərlərin adını dənizdən silmək cəhdi ilə Xəzər türklərinin tarixini də silmək mümkün deyil!

Bir coğrafi ada başqa ad yapışdırmaqla əsrlərin yaddaşını yenidən yazmaq mümkün deyil!

Əgər kimsə bunu bacaracağını düşünürsə, bir dəfə də xəritəyə baxsın.

WhatsApp Image 2026 08 17 at 11.09.46

Tarixi adları dəyişmək demişkən, tarixə düşən sözləri də dəyişmək mümkün deyil. Məsələn, 2002-ci ilin mayında Prezident Heydər Əliyev ilə İran Prezidenti Məhəmməd Xatəmi arasında keçirilən zirvə görüşündə Ulu Öndər iranlı həmkarından xahiş edir ki, o, Qarabağı istila etmiş erməniləri işğalçı adlandırsın. Bu xahişə cavab olaraq Məhəmməd Xatəmi isə belə demişdi: “Nə Ermənistan İsraildir, nə də Azərbaycan Fələstin”.

ABŞ diplomatik korpusunun Bakıdan göndərdiyi hesabatda da bu məqam qeyd olunub: “İran heç vaxt xristian ölkənin (Ermənistan) şiə qonşusunun (Azərbaycan) ərazisini işğal etməsini qınamayıb”.

Xəzər dənizinin adı dəyişməyəcəyi kimi, Məhəmməd Xatəminin bu sözləri də dəyişməyəcək.

Bəli, Azərbaycan özünə sual verdi və Fələstin olmadığını sübut etdi. İndi isə sıra İrandakı bəzi dairələrdədir. İndi siz 2002-ci ildə Heydər Əliyevin Tehranda verdiyi sualı bir də özünə versin:

“Mazandaran gölü haradadır?”

Cavab xəritədə yoxdur.

Xəzər isə oradadır.

Və adı da Xəzərdir!

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: